
Səudiyyə Ərəbistanının əsas neft kəmərinin fəaliyyətini dayandırması dünya enerji bazarında ciddi narahatlıq yaradıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “East-West” neft kəməri pilotsuz uçuş aparatlarının hücumundan sonra fəaliyyətini dayandırıb.
Kəmər Səudiyyə Ərəbistanının neftini Hörmüz boğazından keçirmədən Qırmızı dənizdə yerləşən Yanbu limanına çatdırmaq üçün istifadə olunur.
“Reuters”in məlumatına görə, kəmər gündə təxminən 4 milyon barel neft daşıyır. Onun uzun müddət işləməməsi qlobal neft tədarükünün 4%-ə qədərinin riskə düşməsi ilə nəticələnə bilər.
Kəmərin nə vaxt bərpa olunacağı isə hələ dəqiq deyil. “Reuters” bildirir ki, Yanbu limanında olan mövcud neft ehtiyatları təxminən 5-7 gün kifayət edə bilər.
Vəziyyəti daha da mürəkkəbləşdirən digər hadisə Hörmüz boğazında bir gəminin hücuma məruz qalmasıdır. Hadisə qlobal neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Bundan başqa, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizin girişində yerləşən Perim adasına nəzarəti ələ keçiriblər. Ada Bab əl-Məndəb boğazının yaxınlığında yerləşir və bu ərazi beynəlxalq gəmiçilik üçün mühüm marşrut hesab olunur.
Bütün bunların fonunda neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalxıb. ABŞ-də dizelin qiyməti isə rekord səviyyəyə yüksələrək bir qallon (3,785 litr) üçün 6,20 dolları keçib.
“Reuters” yazır ki, Yaxın Şərqdəki hücumlar və neft daşımalarında yaranan problemlər qlobal yanacaq bazarına təzyiqi artırır. Neft tədarükündəki uzunmüddətli azalma isə yanacaq qiymətlərinin yüksəlməsi və inflyasiyanın güclənməsi riskini artırır.
Hazırda əsas sual Səudiyyə Ərəbistanındakı neft kəmərinin nə vaxt bərpa ediləcəyi və Hörmüz ilə Bab əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyinin necə təmin olunacağıdır.
Tətbiqimizi yükləyə bilərsiniz