
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın dizel yanacağı istehsal edən infrastrukturuna hücumları dayandırmağa çağırıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına həyata keçirdiyi uzaqmənzilli dron hücumlarının yanacaq istehsalını azaltdığını və bunun nəticəsində qlobal dizel yanacağı çatışmazlığının yarandığını bildirib.
Son aylarda Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına çoxsaylı dron hücumları həyata keçirdiyi qeyd olunur. Bu hücumlar Rusiyada yanacaq istehsalının azalmasına və ölkə daxilində benzin çatışmazlığına səbəb olub.
ABŞ-da da dizel yanacağının qiyməti rekord səviyyəyə yüksəlib.
“GasBuddy”nin məlumatına görə, ABŞ-də dizelin orta qiyməti cümə axşamı ilk dəfə 1 qallon (3,785 litr) üçün 6 dolları keçib. Dizel yük maşınları, qatarlar, gəmilər və kənd təsərrüfatı texnikasında geniş istifadə olunur.
Tramp İrlandiyada keçirilən “Irish Open” turniri zamanı jurnalistlərə bildirib ki, Zelenski Rusiya ərazisində dizel yanacağı istehsalına zərbə vurmağı dayandırmalıdır.
ABŞ Prezidenti Rusiyada dizel yanacağına zərbə endirmək əvəzinə başqa hədəflərin mövcud olduğunu deyib və bu hücumların bütün dünyaya zərər vurduğunu bildirib. Tramp həmçinin hazırkı qlobal yanacaq çatışmazlığının yalnız Yaxın Şərqdəki hadisələrlə bağlı olmadığını, Rusiya-Ukrayna müharibəsinin də buna təsir etdiyini vurğulayıb.
Ukrayna isə öz növbəsində Rusiyanın mütəmadi olaraq Ukraynanın enerji infrastrukturuna hücum etdiyini bildirir və neft emalı zavodlarını qanuni hərbi hədəflər hesab edir.
Reuters-in məlumatına görə, Rusiya hökumətinin hazırladığı və agentliyin gördüyü proqnoz layihəsində ölkənin 2026-cı il üzrə neft hasilatı proqnozu 17 ilin ən aşağı səviyyəsinə endirilib. Müharibə səbəbindən Rusiyanın 2026 və 2027-ci illər üzrə yanacaq ixracı ilə bağlı gözləntiləri də aşağı salınıb.
Rusiya neft infrastrukturuna davam edən hücumlar təkcə müharibənin gedişinə deyil, yanacaq bazarına və dizel qiymətlərinə də təsir edən əsas amillərdən birinə çevrilib.
Tətbiqimizi yükləyə bilərsiniz