
Yava dənizində İndoneziyaya məxsus göyərtəsində ən azı 243 nəfərin olduğu gəmi qəzaya uğrayıb.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər varir ki, bu barədə İndoneziyanın Axtarış və Xilasetmə İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində sərnişinlərdən 6-sı ölüb.
Hadisə nəticəsində 130 sərnişin və ekipaj üzvü itkin düşüb, ən azı 107 sərnişin xilas edilib.
Hazırda itkin düşənlərin axtarışı aparılır.
“Virgo Transport 8” gəmisi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə hərəkət edib. Gəmi, həmçinin 89 nəqliyyat vasitəsi daşıyıb.
Gəminin kapitanı kömək siqnalı verməzdən əvvəl dənizdə dalğaların hündürlüyünün 3 metrə çatdığını xəbər verib. Daha sonra hakimiyyət orqanlarına gəminin çevrildiyi barədə məlumat daxil olub.
Gəmi ilə əlaqə kəsildikdən sonra axtarış-xilasetmə əməliyyatları başlayıb. Əməliyyatlar üçün birgə işçi qrupu yaradılıb. Hadisə yerinə xilasedici qruplar, o cümlədən dörd hərbi gəmi olmaqla 8 gəmi və 2 helikopter cəlb edilib.
Hazırda xilasetmə əməliyyatında 280 nəfər iştirak edir.
Tətbiqimizi yükləyə bilərsiniz