Sinqapur Baş naziri ABŞ Prezidentindən yeddi dəfə çox maaş alacaq


Dünyanın ən yüksək maaş alan siyasətçisi - Sinqapur Baş naziri Lorens Vonqun illik maaşı təxminən 64% artaraq 1,7 milyon dollardan (2,2 milyon Sinqapur dolları) 2,8 milyon dollara (3,6 milyon Sinqapur dolları) çatacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, sentyabrın 8-də parlamentdə çıxış edən Sinqapur Baş naziri hökumət maaşlarını araşdıran müstəqil komissiyanın nazirlərin maaşlarının artırılması ilə bağlı qərar qəbul etdiyini bildirib.
Əvvəllər bu məbləğ təxminən 870 min dollar (1,1 milyon Sinqapur dolları) idisə, indi 1,74 milyon dollardır (2,2 milyon Sinqapur dolları). Baş nazir isə nazirlərin maaşının iki qatını alır.
Bu sistem 15 oktyabrda qüvvəyə minəcək, lakin nazirlər onların konkret vəziyyətindən, o cümlədən, iş göstəricilərindən və maaşlarının sonuncu dəfə nə vaxt tənzimlənməsindən asılı olaraq tədricən artım alacaqlar.
Sinqapur lideri vəd edib ki, əgər vəzifəsində qalsa, düzəlişlərdən sonra maaş artımının bütün məbləğini növbəti beş il ərzində bağışlayacaq. Bu baxımdan, baş nazir vəsaiti xeyriyyə məqsədlərinə yönəldəcəyini bildirib.
Qeyd edək ki, Avstraliyanın “Political Salaries” təşkilatının məlumatına görə, Sinqapur lideri 2026-cı ildə dünyanın ən çox maaş alan siyasətçisidir. Sonrakı yerdə Honkonq administrasiyasının rəhbəri Con Li gəlir. O, ildə 719 min dollar qazanır. İsveçrə Prezidenti Parmelen Qi isə 606 min dollarla ilk üçlüyü tamamlayır.
İlk beşliyə isə ABŞ Prezidenti Donald Tramp (illik maaşı 400 min dollar) və Böyük Britaniya baş naziri Endri Bernem (illik maaşı 230 min dollar) daxildir.
Xatırladaq ki, Sinqapurda yüksək vəzifəli dövlət qulluqçuları yüksək maaş alırlar. Bu tədbir korrupsiya ilə mübarizəyə kömək etmək məqsədi daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top