
Beynin nə qədər sürətlə qocalması bağırsaqlarda yaşayan mikroorqanizmlərin tərkibi və onların istehsal etdiyi maddələrlə əlaqəli ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu nəticəyə Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) alimləri gəlib.
Tədqiqatın nəticələri “eBioMedicine” jurnalında dərc olunub.
Alimlər üç fərqli qrupda təxminən 1500 yetkin insanın beyin tomoqrafiyası nəticələrini araşdırıblar. Kompüter modeli iştirakçıların beyninin təxmini yaşını müəyyən edib və bu yaş onların real yaşı ilə müqayisə olunub. Aradakı fərq “beynin qocalma indeksi” (BAI) adlandırılıb.
Məlum olub ki, bəzi insanların beyni onların real yaşından daha yaşlı görünür. Belə insanlarda işçi yaddaş və diqqət, planlaşdırma və qərarvermə kimi zehni qabiliyyətləri yoxlayan testlərin nəticələri daha zəif olub. Onlarda depressiya əlamətlərinə də daha çox rast gəlinib.
Ən güclü əlaqə yaddaş və insanın özünü qavraması ilə bağlı beyin bölgələrində müşahidə olunub.
Tədqiqatın bir hissəsində alimlər iştirakçıların nəcis nümunələrini də analiz ediblər. Nəticələr göstərib ki, beynin daha sürətli qocalması bağırsaqlardakı bəzi bakteriyalar və onların istehsal etdiyi maddələrlə əlaqəli ola bilər. Bu maddələr arasında bəzi yağ molekulları, xolesterinlə əlaqəli birləşmələr və müəyyən hormonun daha aşağı səviyyəsi də olub.
Alimlər hesab edirlər ki, bağırsaq mikrobiotası ilə beynin qocalması arasındakı əlaqədə immun sisteminin, qan damarlarının, sinir hüceyrələrinin və hüceyrələrdə enerji istehsalının rolu ola bilər.
Tədqiqatın müəlliflərindən Arpana Çörçün sözlərinə görə, beynin qocalması insan yaşlandıqdan sonra qəfil başlamır. Onun bioloji əlamətləri qocalıqdan onilliklər əvvəl ortaya çıxır.
Tətbiqimizi yükləyə bilərsiniz