
Rusiya Daxili İşlər Nazirliyi keçmiş rabitə və kütləvi informasiya vasitələri naziri Nikolay Nikiforovu axtarışa verib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, keçmiş nazir cinayət maddəsi ilə axtarışdadır.
Qeyd edək ki, bundan əvvəl “Kommersant” qəzeti Nikiforovun “Finiko” maliyyə piramidası işi üzrə qiyabi ittiham olunduğunu bildirmişdi.
Qəzetin məlumatına görə, keçmiş nazir cinayətkar təşkilat təşkil etməkdə (Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi) və külli miqdarda dələduzluqda (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham olunur.
İş üzrə təxminən 8000 nəfər zərərçəkmiş kimi tanınıb və dəymiş ziyan təxminən 5 milyard rubl qiymətləndirilir.
Xatırladaq ki, Nikiforov 2012-ci ildən 2018-ci ilə qədər Rabitə Nazirliyinə (indiki Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Nazirliyi) rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz