Tramp bu ölkə prezidentinə məktub göndərdi – Əgər tələbləri yerinə yetirilsə…


ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Prezidenti Siril Ramafosaya məktub göndərərək, yerinə yetiriləcəyi təqdirdə iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına səbəb olacaq bir neçə tələb irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “Daily Maverick” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, məktub 26 avqustda ABŞ-nin Cənubi Afrikadakı səfiri Leo Brent Bozell tərəfindən Ramafosaya təqdim edilib.
Məktubda beş tələb var: Cənubi Afrikanın ABŞ-nin rəqibləri ilə məsafə saxlayaraq, qoşulmamaq siyasətinə sadiq qaldığını nümayiş etdirmək; fermerləri zorakılıqdan qorumağa üstünlük vermək; kompensasiya ödənilmədən torpaqların müsadirə edilməsi haqqında qanunu ləğv etmək; Amerika investorlarının öz bizneslərinin 30%-nin qaradərili cənubi afrikalılara verilməsi tələbini ləğv etmək; və irqi nifrətin ifadəsi kimi “Kill the Boer” (Fermeri öldür) mahnısını pisləmək.
Cənubi Afrika Prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya nəşrə Ramafosanın Trampın məktubuna cavab verəcəyini bildirib.
“Dəqiq bir müddət deyə bilmərəm. Amma cavab vaxtında veriləcək”, - Maqvenya deyib.
Qeyd edək ki, Ağ Evə qayıtdıqdan sonra ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika hökumətini ölkənin ağdərili əhalisinə, xüsusən də fermerlərə qarşı soyqırım törətməkdə günahlandırıb. O, Cənubi Afrikadakı ağdərili fermerlərin torpaqlarını zorla müsadirə etdiyini iddia edir. Ağ Ev administrasiyası həmçinin Cənubi Afrika hökumətini ABŞ-nin geosiyasi rəqib hesab etdiyi ölkələrlə sıx əməkdaşlıq etməkdə ittiham edir. Cənubi Afrikaya təzyiq göstərmək üçün Vaşinqton Afrika ölkəsi üçün yardım proqramlarını ləğv edib və Cənubi Afrikadan idxal edilən bəzi mallara daha yüksək tariflər tətbiq edib. İyirmilik Qrupunun (G20) hazırkı sədri kimi ABŞ Cənubi Afrika nümayəndə heyətinin G20-də iştirakına mane olur və üzvlərinə ABŞ-yə giriş vizası verməkdən imtina edir.

DİGƏR XƏBƏRLƏR

Top