“Bank Respublika”nın satın aldığı “AccessBank”ın sahibləri kimlərdir?


Azərbaycanda fəaliyyət göstərən aparıcı banklardan biri – “Bank Respublika” ölkənin digər aparıcı banklarında olan “AccessBank”ın səhmlərinin 100 faizini əldə etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, “Bank Respublika” və “AccessBank”ın səhmdarları bankların gələcəkdə birləşdirilməsini nəzərdə tutan mühüm strateji əqdin əsas şərtlərini təsdiqləyiblər.
“Bank Respublika”nın rəsmi məlumatına görə, sövdələşmə çərçivəsində “AccessBank”ın səhmlərinin 100 faizinin “Bank Respublika” tərəfindən alınması nəzərdə tutulur. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Bununla belə, səhmlərin alınmasından dərhal sonra iki bank birləşməyəcək və ilkin mərhələdə ayrıca fəaliyyət göstərəcək. Daha sonra onların vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.
Əqdə əsasən, “AccessBank”ın mövcud səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən yeni imtiyazlı səhmləri əldə edərək “Bank Respublika”nın səhmdarlarına çevriləcəklər.
Qeyd edək ki, “AccessBank”ın səhmdar strukturu digər bir sıra yerli banklardan fərqli olaraq əsasən beynəlxalq maliyyə və inkişaf qurumlarından formalaşıb.
Açıqlanan son məlumata görə, bankın səhmdarları və onların nizamnamə kapitalındakı payları belə olub:
Asiya İnkişaf Bankı (ADB) – 19,90 faiz. ADB Asiya və Sakit okean regionunda iqtisadi və sosial inkişafı dəstəkləyən beynəlxalq maliyyə qurumudur. Bank “AccessBank”ın ən böyük səhmdarıdır.
Avropa İnvestisiya Bankı (EIB) – 17,39 faiz. EIB Avropa İttifaqının uzunmüddətli maliyyə qurumudur və müxtəlif inkişaf və investisiya layihələrini maliyyələşdirir.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) – 16,56 faiz. Dünya Bankı Qrupuna daxil olan IFC inkişaf etməkdə olan ölkələrdə özəl sektorun maliyyələşdirilməsinə yönəlmiş beynəlxalq qurumdur.
FMO – 9,41 faiz. Niderlandın inkişaf bankı olan FMO inkişaf etməkdə olan ölkələrdə özəl sektorun və sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərir.
OeEB (Avstriya İnkişaf Bankı) – 9,17 faiz. OeEB inkişaf etməkdə olan ölkələrdə özəl sektor layihələrinə uzunmüddətli maliyyə dəstəyi göstərən Avstriya qurumudur.
SIFEM AG – 8,89 faiz. İsveçrə Konfederasiyasının inkişaf maliyyələşdirmə qurumu olan SIFEM inkişaf etməkdə olan ölkələrdə əsasən kiçik və orta biznesə investisiyalar yatırır.
“responsibility” tərəfindən idarə olunan fondlar – ümumilikdə 12,271 faiz. Bu paya “MultiConcept/“responsAbility A”” – 7,11 faiz, “ResponsAbility SICAV (Lux) “responsAbility B” – 2,01 faiz, “responsAbility C” – 3,07 faiz və “responsAbility D” – 0,091 faiz daxildir. Yəni eyni “ResponsAbility” qrupu tərəfindən idarə olunan müxtəlif investisiya fondlarının “AccessBank”da ayrıca payları var.
EFSE – 2,78 faiz. Avropa Cənub-Şərqi Avropa Fondu mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə yönəlmiş investisiya fondudur.
“Green for Growth Fund” (GGF) – 1,77 faiz. Fond enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinə diqqət yetirir.
Tomas Engelhard – 1,14 faiz. Alman iqtisadçı və maliyyə mütəxəssisidir. “AccessBank”ın ilk baş direktoru olub.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) – 0,58 faiz. Qara dəniz regionunda iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyən beynəlxalq maliyyə təşkilatıdır.
“LFS Advisory GmbH” – 0,13 faiz. Almaniyada fəaliyyət göstərən şirkət əsasən inkişaf etməkdə olan ölkələrin bank və maliyyə sektorları üzrə məsləhətçilik və idarəetmə xidmətləri göstərir.

Onu da qeyd edək ki, “AccessBank” son dövrdə kifayət qədər yüksək maliyyə nəticələri göstərib. Bankın açıqladığı məlumata görə, 2025-ci ildə xalis mənfəəti 49,1 milyon manat olub. Həmin il bankın aktivləri 1,8 milyard manata, kredit portfeli isə 1,334 milyard manata çatıb. Bankın məcmu kapitalı da 26,7 faiz artaraq 234,4 milyon manat olub.
2026-cı ilin ilk yarısında isə bankın nəticələri daha da yüksəlib. “AccessBank” bu dövrdə 28,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründəki 20,9 milyon manatla müqayisədə 7,2 milyon manat və ya 34,4 faiz artım deməkdir.
Bankın kredit portfeli də ilk yarımilin sonunda 1,381 milyard manata, bunun biznes kreditləri hissəsi isə 1,042 milyard manata yüksəlib. Məcmu kapital 262,6 milyon manat, aktivlər isə təxminən 1,8 milyard manat təşkil edib.
Bu göstəricilərlə “AccessBank” 2026-cı ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən banklar arasında xalis mənfəətə görə 5-ci yerdə qərarlaşıb.
Onu da bildirək ki, “AccessBank”ı satın alan “Bank Respublika”nın səhmdar strukturu isə əsasən fiziki şəxslərdən formalaşıb.
Bankda səhmdarların payı belə olub:
Natiq Saday oğlu Quliyev – 63,32 faiz;
Elçin Saday oğlu Quliyev – 18,46 faiz;
Namiq Saday oğlu Quliyev – 8,47 faiz;
Şakir Xəyyam oğlu Rəhimov – 5,45 faiz;
SIDT (Sparkassen International Development Trust GmbH) – 4,22 faiz;
Digərləri – 0,08 faiz.


“Bank Respublika” qrupunun son nəzarətedici tərəfi Natiq Saday oğlu Quliyevdir.
Xatırladaq uzun illər mətbuatda “Bank Respublika”ın Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olması ilə bağlı məlumatlar yayılıb. Lakin “Bank Respublika”nın ən böyük səhmdarı olan Natiq Quliyev yayılan məlumatları təkzib edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top