
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin məşhur apteklər şəbəkəsinin sahibi olan “Dokta” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Dokta” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Dokta” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, “Dokta” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi Vəliyev Nahid Knyaz oğludur.
Qeyd edək ki, bu ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları “Dokta” MMC-yə məxsus aptekdə yoxlama aparıblar. Məlum olub ki, “Dokta”ya məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan, dezinfeksiyaedici vasitənin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığı, dərman vasitəsinin (Fulisinar 15 q məlhəm) saxlanma şəraitinin pozulması, resept əsasında buraxılmalı olan (Euroxim 100 mg/5 ml ş. 50 ml) dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilib.
“Dokta” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə protokollar tərtib olunub və məhkəmənin hökmü ilə cərimə edilib.
Onu da bildirək ki, uzun illərdir ölkə mətbuatında “Dokta” MMC-nin millət vəkili Cavanşir Feyziyevə məxsus olması barədə çoxsaylı iddialar yayılıb. Bu iddiaların təkzib olunmasına dair açıq mənbələrdə heç bir məlumat mövcud deyil.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz