
İki gün əvvəl Yeniavaz.com saytında “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” – Ekspert” sərlövhəli yazı dərc olunub və həmin yazıda araşdırmaçı-jurnalist Allahverdi Aydının açıqlamaları yer alıb.
Allahverdi Aydın elm və təhsil naziri Emin Əmrullayevin “PISA 2025”in nəticələrini təqdim edərkən bir rəqəmlə bağlı səhvə yol verdiyini deyib.
O bildirib ki, nazirin təqdim etdiyi slaydda Qətərin riyazi savadlılıq üzrə nəticəsi səhvən 424 bal göstərilib və nəticədə 91 iştirakçının siyahısında Azərbaycanın mövqeyini geriyə salıblar.
Qeyd edək ki, Allahverdi Aydının açıqlamaları Yeniavaz.com saytında yayımlanmazdan bir gün əvvəl məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadəyə sorğu ünvanlanıb. Lakin nazirliyin şöbə müdiri “Media haqqında” Qanunun 17.3-cü maddəsinin tələblərini pozaraq sorğuya cavab verməyib.
Yeniavaz.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün paylaşım edərək “AnewZ” beynəlxalq televiziya kanalının qonağı olduğunu bildirib. Nazirin paylaşdığı görüntülərdən açıq şəkildə görünür ki, daha əvvəl paylaşılan məlumatdakı səhv düzəldilib.
Xatırladaq ki, mətbuat konfransında nazirin təqdim etdiyi slaydda Azərbaycanın mövqeyi 49-cu sırada göstərildiyi halda, nazirin “AnewZ” kanalında təqdim etdiyi slaydda Azərbaycanın mövqeyi 48-ci sırada göstərilib. Mətbuat konfransı zamanı edilən bu səhvin nəticəsində elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın riyazi savadlılıq üzrə mövqeyini 49-cu sırada göstərib və ölkə mediasında da səhv məlumat yayımlanıb.
Elm və təhsil nazirinin mətbuat konfransını bu linkdən izləyə bilərsiniz. Nazirin “AnewZ” kanalına verdiyi müsahibəni isə bu keçid vasitəsilə izləyə bilərsiniz.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz