
Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın böyük oğlunun olub-olmadığını araşdırmaqda davam edir, lakin qızı Kim Cju Eni hələ də ehtimal olunan varis hesab edir.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bildirib.
Kəşfiyyat xidmətinin bəyanatı Cənubi Koreya kəşfiyyat orqanlarının Kim Çen Inın və həyat yoldaşı Li Sol Çjunun oğlunun olmadığını iddia etdiyinə dair mediada yayılan xəbərlərdən sonra verilib.
Milli Kəşfiyyat Xidməti (NIS) qeyd edib ki, Şimali Koreya liderinin oğlu olsa belə, o, hazırda varisliyə namizəd hesab edilmir. Ancaq buna baxmayaraq, Milli Kəşfiyyat Xidməti onunla bağlı məlumatları araşdırmaqda davam edir. Kim Çen Inın daha kiçik bir uşağı olduğu bildirilsə də, onun cinsi hələ təsdiqlənməyib.
2022-ci ilin sonlarından bəri təxminən 13 yaşında olduğu bildirilən Kim Cju E ən mühüm dövlət tədbirlərində müntəzəm olaraq atası ilə birlikdə çıxış edir. O, xüsusilə raket buraxılışlarında və böyük hərbi paradlarda iştirak edir.
Şimali Koreyanın dövlət mediası onu ölkə liderinin ən yaxın və ən hörmətli övladlarından biri kimi təqdim edir və Kim Çen Inla birgə tədbirləri barədə xəbərlər onun artan siyasi statusundan xəbər verir.
Qeyd edək ki, Kim Cju Enin adı keçmiş NBA oyunçusu Dennis Rodmanın sayəsində tanınmağa başlayıb. 2013-cü ildə o, Pxenyana səfərindən sonra Kim Çen Inın qızını qucağında saxladığını iddia edib.
Şimali Koreya liderinin böyük oğlunun olub-olmaması məsələsi potensial varislik ssenarisinin qiymətləndirilməsi üçün vacibdir. Belə ki, 1948-ci ildə KXDR qurulduğu gündən bəri ölkəyə Kim ailəsinin üç üzvü - Kim İr Sen, Kim Çen İr və Kim Çen In - rəhbərlik edib və hamısı kişi olub. Bəzi ekspertlər Şimali Koreya elitasının yaşlı nəslinin qadına tabe olmağa hazır olacağına şübhə ilə yanaşırlar. Digər ekspertlər isə qeyd edirlər ki, 42 yaşlı Kim Çen Inın rəsmi olaraq varisini təyin etməsi hələ tez ola bilər və bu, onun mütləq gücünü zəiflədə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz