
9 sentyabr tarixində Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub, İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb:
“Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.
Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırırıq”.
***12:52
Dünən (10 sentyabr – red.) səhər saatlarında Qara dənizdə Odessa limanının yaxınlığında “Mert Marine Corporation” şirkətinə məxsus Somali bayrağı altında üzən TEDY (9059200 imo) yedək gəmisi dron hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək ” ictimai birliyinin sədri İlham Nəsirov məlumat yayıb.
O bildirib ki, gəminin 10 nəfərdən ibarət heyəti olub. Onların 4-ü Azərbaycan, 3-ü Türkiyə, 2-si Almaniya və 1-i Ukrayna vətəndaşı olub.
“Həmin yedək gəmisi gecə saatlarında Konstansa limanına doğru gedərkən yenidən 2 dron hücumuna məruz qalıb. Əfsuslar olsun ki, 2 dənizçimiz – Əliyev Aslan və Qasımov Asim həyatını itirib. Digər 2 dənizçimiz hal-hazırda yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanada müalicə alırlar”, - İ. Nəsirov bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz