
ABŞ Prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə əsas istehlak məhsullarının və benzinin qiymətlərində fərqli dəyişikliklər baş verib.
Yeniavaz.com ABŞ Əmək Statistikası Bürosunun (BLS) rəsmi məlumatlarına istinadən xəbər verir ki, Trampın prezident kimi vəzifəyə başladığı 2025-ci ilin yanvarı ilə 2026-cı ilin iyulu arasında bəzi məhsulların qiyməti azalıb, bəziləri isə əhəmiyyətli dərəcədə bahalaşıb.
Ən böyük dəyişiklik yumurtanın qiymətində qeydə alınıb. 2025-ci ilin yanvarında 12 iri A kateqoriyalı yumurtanın orta qiyməti 4 dollar 95 sent olduğu halda, 2026-cı ilin iyulunda bu göstərici 2 dollar 19 sentə düşüb. Bu, təxminən 56 faizlik azalma deməkdir.
Əks istiqamətdə isə benzinin və mal ətinin qiymətləri diqqət çəkir. Adi benzinin bir qallonu (3,78 litr) 3 dollar 21 sentdən 4 dollar 9 sentə yüksəlib. Beləliklə, benzin təxminən 27,5 faiz bahalaşıb.
Qiymə mal ətinin bir funtu (454 qram) isə 5 dollar 49 sentdən 6 dollar 85 sentə yüksəlib. Bu məhsul üzrə artım təxminən 24,7 faiz təşkil edib.
Südün bir qallonu 4 dollar 2 sentdən 4 dollar 31 sentə, elektrik enerjisinin bir kilovat-saatı 17,9 sentdən 19,7 sentə, boru ilə evlərə verilən təbii qazın 1 thermi (təxminən 2,8 kub metr) isə 1,55 dollardan 1,70 dollara yüksəlib.
Bununla yanaşı, ağ çörəyin, bütöv toyuğun və pomidorun orta qiymətində cüzi azalma qeydə alınıb.
Ümumilikdə isə ABŞ-də istehlak qiymətlərinin səviyyəsi yüksəlməkdə davam edir. BLS-in son məlumatına görə, 2026-cı ilin iyulunda ABŞ-də bütün istehlak məhsulları və xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artıb. Ərzaq qiymətləri illik 3 faiz bahalaşıb.
Məlumat üçün bildirək ki, “Reuters/Ipsos”un avqustun sonunda keçirdiyi sorğuya görə, ABŞ-də seçicilərin 47 faizi yaşayış xərclərini səsvermə qərarında ən mühüm amil hesab edir. Eyni sorğuda respondentlərin 71 faizi Donald Trampın yaşayış xərcləri ilə bağlı fəaliyyətini bəyənmədiyini bildirib.
“Pew Research Center”in iyul sorğusu da iqtisadi məsələlərin seçkilərdə ön planda olduğunu göstərir. Seçicilərin 29 faizi iqtisadiyyatı, bunun daxilində isə 15 faizi məhz yaşayış xərclərini və qiymətləri namizədlərdən eşitmək istədikləri əsas mövzu kimi göstərib.
Bildirilir ki, benzin və mal əti kimi gündəlik xərclərdə bahalaşma seçicinin ümumi iqtisadi vəziyyət barədə fikrini mənfi istiqamətdə dəyişə bilər. Bu qiymətlər noyabr seçkilərində Respublikaçılar üçün risk yaradır.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz