“ChatGPT” 90 illik riyaziyyat problemini həll etdiyini açıqlayıb


“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkəti riyaziyyatın ən çətin problemlərindən biri hesab olunan Navier-Stokes probleminin həllini tapdığını açıqlayıb.
Yeniavaz.com
“The Guardian”a istinadla xəbər verir ki, həllin əldə olunması üçün daxili süni intellekt modeli ilə işləyən təxminən 10 min süni intellekt agentindən istifadə edilib.
Agentlər müxtəlif qruplara bölünüb, bir-biri ilə əlaqə saxlayıb, kod işlədə və internetin keşlənmiş versiyasından istifadə edə biliblər. “OpenAI” bildirir ki, sistem problemin həllinə təxminən 88 saat ərzində nail olub.
Navier-Stokes problemi maye və qazların hərəkətini təsvir edən tənliklərlə bağlıdır. Problem “Millennium Prize Problems” kimi tanınan və riyaziyyatın ən çətin yeddi açıq məsələsindən biri hesab olunur. Bu problemlərin hər birinin həlli üçün 1 milyon dollar mükafat nəzərdə tutulub.
Bildirilir ki, Nyu-York Universitetinin riyaziyyat professoru Tristan Bakmaster və “Anthropic” şirkətində çalışan tədqiqatçı Levent Alpöge eyni istiqamətdə araşdırma aparıblar. Bakmaster “OpenAI”ın onların yayımlanmamış tədqiqatlarından və süni intellekt sistemlərindəki məlumatlardan dolayı şəkildə təsirlənmiş ola biləcəyini iddia edib.
“OpenAI” isə konkret istifadəçi məlumatlarına çıxış əldə etmədiyini və Bakmaster ilə Alpögenin işlərinin modelə təqdim edilmədiyini bildirir. Bununla yanaşı, şirkət məhsullarından istifadə zamanı yaranmış anonimləşdirilmiş məlumatların modellərin təkmilləşdirilməsinə dolayı təsirini tamamilə istisna edə bilmədiyini açıqlayıb.
Hazırda “OpenAI”ın təqdim etdiyi həll riyaziyyat ictimaiyyəti tərəfindən geniş şəkildə yoxlanılmalıdır. Buna görə də məsələ hələlik rəsmi olaraq həll edilmiş problem statusu almayıb.
“OpenAI” isə bu nəticəyə görə 1 milyon dollarlıq mükafatı tələb etmək niyyətində olmadığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top