
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar aralıq seçkilərdə Nümayəndələr Palatası və Senatda çoxluğu qoruyub saxlasalar, hər bir yetkin amerikalıya 5 000 dollar ödəyəcək.
Yeniavaz.com AP-yə istinadla xəbər verir ki, o bu barədə Dallasda keçirilən Respublikaçılar Partiyasının seçki qurultayında danışıb.
“Respublikaçılar qalib gəlsələr, siz də bizimlə qalib gələcəksiniz və 5 000 dollar alacaqsınız. Bunun adı Tramp dividendi olacaq”, - ABŞ lideri bildirib.
Bu açıqlamdan bir müddət sonra isə vitse-prezident Cey Di Vens Trampın təklifini qismən yumşaltmağa çalışaraq dividend ödənişlərinin varlı şəxslərə verilməyəcəyini bildirib. Vens vəsaitin ABŞ-nin tarif gəlirləri hesabına ödənilə biləcəyini söyləyib.
“Lakin təklif olunan məbləğ ABŞ-nin bu qoruyucu ticarət tədbirlərindən əldə etdiyi gəlirdən dəfələrlə çoxdur. Şübhə doğuran bu vədin həyata keçirilməsi üçün 1 trilyon dollardan çox vəsait tələb oluna bilər və bunun üçün Konqresin təsdiqi lazım gələcək. Bu isə ABŞ-nin təxminən 1,8 trilyon dollarlıq illik büdcə kəsirini daha da artıracaq və inflyasiya ilə bağlı narahatlıqları gücləndirəcək”, - AP yazır.
Qeyd edək ki, ABŞ Siyahıyaalma Bürosunun 2025-ci ildə dərc etdiyi sonuncu hesabata görə ölkə əhalisinin ümumi sayı 341 milyon 784 min 857 nəfərdir. Bildirilir ki, onların 21,1 faizini 18 yaşdan aşağı şəxslər təşkil edir. Bu isə o deməkdir ki, ABŞ-də yetkinlik yaşına çatmış əhalinin sayı təxminən 269,7 milyon nəfərdir.
269,7 milyon nəfərin hər birinə 5000 dolların ödənilməsi üçün isə 1,3 trilyon dollardan çox vəsait lazımdır.
Tətbiqimizi yükləyə bilərsiniz