
Türkiyə və Rusiyanın xarici işlər nazirlikləri (XİN) Moskvada keçirilən Rusiya-Türkiyə məsləhətləşmələrində Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyadakı qarşılıqlı fəaliyyətin inkişafını və Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında qeyd olunub.
Məsləhətləşmələrdə Türkiyə tərəfindən Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş idarənin rəisi, səfir Mehmet Samsar, Rusiya tərəfindən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak ediblər.
Görüş zamanı Mərkəzi Asiya və Cənubi Qafqazda kənar təşəbbüslərin yolverilməz olduğu bildirilib. Bu kontekstdə tərəflər regional məsuliyyət prinsipi əsasında sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün perspektivli mexanizm kimi "3+3" Regional Əməkdaşlıq Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, İran, Türkiyə) ritmik işinin davam etdirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz