
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.
Prokuror təqsirləndirilən Qalib Bayramova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, 5 il sınaq müddəti seçilməklə, cəzasının şərti hesab olunmasını təklif etmişdi.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz