Trampın Vaşinqtondakı böyük layihələri mübahisələrə səbəb olub – Xərclər 1 milyard dolları ötür


ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonda bir sıra böyük layihələr həyata keçirir.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, bu layihələr arasında yeni Zəfər Tağının tikintisi, Ağ Evdə bal zalının yaradılması, Linkoln Memorialının qarşısındakı hovuzun yenilənməsi və Kennedi Mərkəzinin təmiri də var.
Layihələrin ümumi dəyəri yüz milyonlarla dollarla ölçülür. Bəzi layihələrin qiyməti ilkin hesablamalardan xeyli yüksəkdir. Bir sıra layihələr isə hüquqi mübahisələrə səbəb olub.

Arlingtonda Zəfər Tağı tikiləcək
Tramp administrasiyası bildirib ki, Arlington Milli Qəbiristanlığında Zəfər Tağının tikintisinə yaxın iki həftə ərzində başlanacaq. Tağın hündürlüyünün 250 fut, yəni təxminən 76 metr olması planlaşdırılır. Layihə “Amerika Tağı” adlandırılır. Tağ Linkoln Memorialı ilə Arlington Milli Qəbiristanlığı arasında, Memorial Dairəsində yerləşəcək. Onun dizaynı Parisdə yerləşən məşhur Zəfər Tağına bənzəyəcək.
Layihə Tramp tərəfindən təyin edilən ABŞ Təsviri İncəsənət Komissiyası tərəfindən may ayında təsdiqlənib. Lakin layihə hələ Milli Kapital Planlaşdırma Komissiyası tərəfindən nəzərdən keçirilməyib.
Bu komissiya Vaşinqtonda federal torpaqlarda həyata keçirilən layihələr üzərində səlahiyyətə malikdir.
“Böyük Zəfər Tağı və Hərbi Müşahidə Göyərtəsi” adlandırılan layihənin dəyərinin 100 milyon dollara qədər ola biləcəyi bildirilir. Tramp administrasiyası hələ layihənin yekun qiymətini açıqlamayıb.
Layihəyə qarşı çıxanlar da var. Vyetnam müharibəsi veteranlarını təmsil edən qruplar məhkəməyə müraciət ediblər. Onlar hesab edirlər ki, böyük tağ Arlington Milli Qəbiristanlığının görünüşünü dəyişəcək və ərazinin tarixi mənzərəsini gizlədəcək.

Ağ Evdə bal zalı tikilir
Tramp administrasiyasının ən böyük layihələrindən biri Ağ Evdə yeni bal zalının yaradılmasıdır.
Layihəyə Ağ Evin Şərq Qanadında bal zalının tikilməsi, yeraltı təhlükəsizlik kompleksinin yaradılması, helikopter meydançası və ziyarətçilərin yoxlanılması mərkəzinin yenilənməsi daxildir. Lafayet Meydanı və digər əlaqəli işlər də bu layihələr sırasındadır. Bütün bu layihələrin ümumi dəyərinin ən azı 927 milyon dollar olduğu bildirilir.
“The Washington Post” qəzetinin əldə etdiyi müqavilələrə əsasən, yalnız Şərq Qanadında aparılan işlərin təxmin edilən dəyəri 600 milyon dollardır. Bu məbləğin yarıdan çoxunun vergi ödəyicilərinin vəsaiti hesabına ödənildiyi bildirilir. Tramp isə layihənin özəl ianələr hesabına maliyyələşdirildiyini deyir.
Ağ Evin ilkin planında layihənin dəyəri 200 milyon dollar göstərilmişdi. Daha sonra bu rəqəm artırılıb.
Tramp bildirib ki, aparılan araşdırmalardan sonra binanın ölçüsünün iki dəfə artırılmasına qərar verilib.

Linkoln Memorialının qarşısındakı hovuzun təmiri
Tramp administrasiyasının həyata keçirdiyi digər layihə Linkoln Memorialının qarşısındakı əks etdirən hovuzla bağlıdır. Hovuzda uzun müddətdir müxtəlif problemlər yaşanırdı. Əsas problemlərdən biri suda yosunların yaranması idi. Layihənin ilkin dəyəri 1,5 milyon dollar hesablanmışdı. Lakin son nəticədə xərclər 19 milyon dolları keçib. İşlərə hovuzun rənglənməsi üçün 14,65 milyon dollarlıq müqavilə daxildir.
Yosunların qarşısının alınması üçün xüsusi sistemin quraşdırılmasına 1,74 milyon dollar ayrılıb.
Su təchizatı və suvarma işləri üçün isə 2,65 milyon dollar ödənilib.
Tramp əvvəllər hovuzdakı işlərin bir həftə ərzində başa çatacağını bildirmişdi. Lakin layihə bir neçə ay davam edib. Layihə ilə bağlı məhkəmə mübahisəsi də yaranmışdı. Qeyri-kommersiya təşkilatı “Mədəni Landşaft Fondu” işlərin dayandırılmasını tələb etmişdi.
Təşkilat layihənin təsdiqi zamanı federal qaydaların pozulduğunu iddia edib. Lakin hakim may ayında işlərin davam etdirilməsinə icazə verib. Bundan sonra təşkilat məhkəmədəki tələbini geri götürüb.

Kennedi Mərkəzinin təmiri
Vaşinqtondakı Kennedi Mərkəzində də genişmiqyaslı təmir işləri planlaşdırılır. Mərkəzin direktorlar şurasının əksər üzvləri Tramp tərəfindən təyin olunub. Şura ötən ay mərkəzin iki il müddətinə bağlanmasını və əsaslı təmir edilməsini təsdiqləyib. Konqres layihə üçün 256,7 milyon dollar ayırıb.
Hazırkı hesablamalara görə isə layihənin ümumi dəyəri 285 milyon dollara çatacaq. Təmir zamanı mərkəzin üç əsas zalında işlər aparılacaq. Bunlar Konsert Zalı, Opera Evi və Eyzenhauer Teatrıdır.

Eyzenhauer binasının rəngi dəyişdiriləcək
Tramp administrasiyası Ağ Evin yaxınlığında yerləşən Eyzenhauer İcra Ofisi Binasında da dəyişiklik etmək istəyir. 19-cu əsrdə tikilmiş binanın boz qranit fasadının ağ rəngə boyanması planlaşdırılır. Administrasiya bu işlərin 7,5 milyon dollara başa gələcəyini bildirir. Maliyyələşdirmənin təmir büdcəsi hesabına aparılması nəzərdə tutulur. Lakin binanın ağ rəngə boyanması planı da mübahisələrə səbəb olub.

“Amerika Qəhrəmanlarının Milli Bağı”
Trampın digər layihələrindən biri “Amerika Qəhrəmanlarının Milli Bağı”dır. Konqres bu layihənin həyata keçirilməsi üçün artıq 40 milyon dollar maliyyə ayırıb.Bu vəsait vergi ödəyicilərinin hesabına ödəniləcək.
Hazırkı plana əsasən, bağda 250 real ölçülü heykəl yerləşdiriləcək. Heykəlləri qoyulması planlaşdırılan məşhur şəxslər arasında ABŞ-nin ilk prezidenti Corc Vaşinqton, müğənni Elvis Presli, keçmiş prezident Ronald Reyqan və basketbolçu Kobi Brayant da var.
Kompleksdə amfiteatr, bağlar, əks etdirən hovuzlar, kafelər və istirahət zonalarının yaradılması nəzərdə tutulur. Layihənin tikintisinə hələ başlanmayıb.

Ağ Evin Gül Bağı da dəyişdirilib
Tramp administrasiyası Ağ Evin Gül Bağında da dəyişiklik edib. Bağın otlu ərazisinin bir hissəsi asfaltlanıb.
Layihə avqust ayında başa çatıb. İşlərin ümumi dəyəri 1,9 milyon dollar olub. Bu layihənin dövlət büdcəsindən deyil, özəl ianələr hesabına maliyyələşdirildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top