
ABŞ-dən kənarda dünyanın ən böyük 30 şirkəti enerji, bankçılıq, tikinti, pərakəndə satış və avtomobil sənayesi kimi müxtəlif sahələrdə fəaliyyət göstərərək il ərzində yüz milyardlarla dollar gəlir əldə ediblər.
Yeniavaz.com xəbər verir ki, “Fortune Global 500” reytinqinin son məlumatlarına görə reytinqdə Çin şirkətləri xüsusilə diqqət çəkir. Siyahının ilk 10-luğunda Çinin 4 şirkəti yer alıb.
Çinin dövlət şirkəti olan “State Grid” 555 milyard dollar illik gəlirlə ABŞ-dən kənarda yerləşən şirkətlər arasında birinci olub. Şirkət ümumi dünya reytinqində isə yalnız ABŞ-nin “Amazon” və “Walmart” şirkətlərindən geri qalaraq üçüncü pillədə qərarlaşıb.
Səudiyyə Ərəbistanının neft nəhəngi “Saudi Aramco” 446 milyard dollar gəlirlə ikinci, “China National Petroleum” 402 milyard dollarla üçüncü, “Sinopec” isə 364 milyard dollarla dördüncü yerdə qərarlaşıb.
Çinin dövlət şirkətləri xüsusilə enerji, bankçılıq və infrastruktur sektorlarında üstünlük təşkil edir. Bununla yanaşı, ölkənin özəl sektorundan “JD.com” və “Alibaba” kimi şirkətlər də dünyanın ən böyük biznesləri sırasında yer alıb.
Enerji şirkətləri reytinqin yuxarı pillələrində üstünlük təşkil edən əsas qruplardan biridir. “Saudi Aramco”dan başqa, “Shell” 274 milyard dollar, “BP” 193 milyard dollar, “TotalEnergies” isə 182 milyard dollar gəlir əldə edib.
Avtomobil sənayesində isə Avropa və Yaponiya şirkətləri hələlik Çin istehsalçılarını qabaqlayır. “Volkswagen” 363 milyard dollar gəlirlə beşinci, “Toyota Motor” 336 milyard dollarla altıncı, “BMW” 151 milyard dollarla 24-cü, “Mercedes-Benz” isə 149 milyard dollarla 25-ci yerdə qərarlaşıb.
Çinin “BYD” və “Great Wall Motor” kimi avtomobil istehsalçılarının sürətli böyüməsinə baxmayaraq, onlar illik gəlir baxımından ən böyük Avropa və Yaponiya rəqiblərindən hələ də geri qalırlar.
Bununla belə, elektrik avtomobillərinin qlobal bazarda payının artması avtomobil sənayesində rəqabəti sürətlə dəyişir. Çin istehsalçılarının daha aşağı istehsal xərcləri ənənəvi avtomobil nəhəngləri üçün ciddi rəqabət təzyiqi yaradır.
Dünyanın ən böyük 30 qeyri-ABŞ şirkəti və illik gəlirləri aşağıdakı kimi olub:
“State Grid” – 555 milyard dollar
“Saudi Aramco” – 446 milyard dollar
“China National Petroleum” – 402 milyard dollar
“Sinopec” – 364 milyard dollar
“Volkswagen” – 363 milyard dollar
“Toyota Motor” – 336 milyard dollar
“China State Construction Engineering” – 290 milyard dollar
“Shell” – 274 milyard dollar
“Hon Hai Precision Industry” – 260 milyard dollar
“Glencore” – 248 milyard dollar
“Trafigura” – 240 milyard dollar
“Samsung Electronics” – 235 milyard dollar
“Industrial and Commercial Bank of China” – 211 milyard dollar
“BP” – 193 milyard dollar
“Agricultural Bank of China” – 191 milyard dollar
“China Construction Bank” – 189 milyard dollar
“TotalEnergies” – 182 milyard dollar
“JD.com” – 182 milyard dollar
“China Life Insurance” – 178 milyard dollar
“Stellantis” – 173 milyard dollar
“Bank of China” – 172 milyard dollar
“Ping An Insurance” – 159 milyard dollar
“China Railway Engineering Group” – 152 milyard dollar
“BMW” – 151 milyard dollar
“Mercedes-Benz” – 149 milyard dollar
“China Mobile” – 147 milyard dollar
“Banco Santander” – 145 milyard dollar
“Honda Motor” – 145 milyard dollar
“Alibaba” – 144 milyard dollar
“China Railway Construction” – 144 milyard dollar
Məlumat üçün onu da bildirək ki, Azərbaycanın ən böyük şirkəti olan Dövlət Neft Şirkəti (SOCAR) ötən il 50,8 milyard dollar (86,3 milyard manat) gəlir əldə edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz