
Çinin elektrik avtomobil istehsalçısı BYD 2027-ci ilə qədər xarici bazarlarda avtomobil satışlarının həcmini 2,5 milyon ədədə çatdırmağı planlaşdırır.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərliyi ilə görüşdən sonra “Deutsche Bank” və “Citi” tərəfindən yayımlanan hesabatlarda məlumat verilib.
“Deutsche Bank”ın hesablamalarına görə, BYD 2026-cı ildə xarici bazarlara 1,9–2 milyon avtomobil ixrac edə bilər. Bu isə ötən illə müqayisədə təxminən iki dəfə çoxdur.
Şirkət beynəlxalq satışlarını artırmaq üçün öz yük gəmiləri donanmasını genişləndirməyi və xarici ölkələrdə istehsal imkanlarını artırmağı planlaşdırır. BYD-nin Macarıstandakı zavodunda avtomobil yığımına dekabr ayına qədər başlanması gözlənilir.
“Deutsche Bank” həmçinin Çin şirkətinin digər ölkələrdə yeni istehsal müəssisələri yaratma imkanlarını nəzərdən keçirdiyini bildirib.
Xaricdə yerli istehsalın genişləndirilməsi BYD-yə xüsusilə tariflərdən yayınmaq baxımından üstünlük verə bilər. Hazırda şirkətin Avropa İttifaqına və Braziliyaya avtomobil ixracında müvafiq olaraq 27% və 34%-ə qədər idxal tarifləri tətbiq olunur.
“Citi”nin qiymətləndirməsinə görə, yerli istehsalın artırılması hər avtomobil üzrə 40 min yuandan (5 961 ABŞ dolları) çox qənaət etməyə imkan verə bilər. Bank hesab edir ki, bu addım yeni istehsal xətlərinin yaradılması ilə bağlı xərclərin də azalmasına şərait yaradacaq.
Tətbiqimizi yükləyə bilərsiniz