
“Volkswagen” alman avtomobil istehsalçısı xərcləri azaltmaq məqsədi ilə aktivlərin nəzərdən keçirilməsi çərçivəsində “Ducati” motosiklet markasını satmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Audi” şirkətinin (“Volkswagen Group”a daxildir – red.) baş direktoru Qernot Dellnerə istinadla məlumat verib.
“Ducati”nin gələcəyi ilə bağlı müzakirələr yenidən qiymətləndirmə prosesinin bir hissəsidir. Lakin hələlik konkret bir qərar verilməyib”, - deyə şirkət rəhbəri bildirib.
Onun sözlərinə görə, “Ducati”nin satışı “Volkswagen” şirkətinə 1,5 milyard dollara qədər gəlir gətirə bilər.
Qeyd edək ki, alman şirkəti 2017-ci ildə də “Ducati”nin satılması imkanlarını araşdırmış, lakin həmkarlar ittifaqlarının müqaviməti ilə əlaqədar bu plandan imtina etmişdi.
Xatırladaq ki, “Ducati” 1926-cı ildə Boloniyada Adriano, Bruno və Marçello Dukati qardaşları tərəfindən təsis edilib. Əvvəlcə şirkət radio avadanlıqları üzrə ixtisaslaşıb. “Ducati” motosiklet istehsalına yalnız İkinci Dünya Müharibəsindən sonra başlayıb. Hazırda ildə təxminən 50 000 motosiklet istehsal edir. Keçən il şirkətin gəliri 925 milyon avro, əməliyyat mənfəəti isə 52 milyon avro olub.
Tətbiqimizi yükləyə bilərsiniz