Hansı ölkələrin şagirdləri daha savadlıdır? – “PISA 2025”in nəticələri açıqlandı


Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində 15 yaşlı şagirdlərin bilik və bacarıq səviyyəsini ölçən ən nüfuzlu beynəlxalq qiymətləndirmə proqramlarından biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən PISA (The Programme for International Student Assessment) layihəsidir.
Yeniavaz.com
xəbər verir ki, bu gün – sentyabrın 8-də “PISA-2025” layihəsinin ilkin nəticələri açıqlanıb.
Məlumat üçün bildirək ki, PISA 15 yaşlı şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları real həyatda tətbiq etmək, mürəkkəb problemləri həll etmək, tənqidi düşünmək və məlumatları təhlil etmək qabiliyyətlərini qiymətləndirir. PISA qiymətləndirməsi üç ildən bir keçirilir.
“PISA-2025” qiymətləndirməsində 91 ölkə və iqtisadiyyatdan 760 mindən çox şagird iştirak edib. 2025-ci il qiymətləndirməsində əsas istiqamət təbiət elmləri, əlavə əsas istiqamətlər isə riyaziyyat və oxu olub. Bundan başqa, ilk dəfə “rəqəmsal dünyada öyrənmə” çərçivəsində hesablama əsaslı problem həlli bacarıqları da qiymətləndirilib.
Azərbaycan indiyə kimi bu proqramda 4 dəfə iştirak edib – 2006, 2009, 2018 və 2022-ci illərdə. 2012, 2015-ci illərdə proqramda iştirakdan imtina edən Azərbaycan nəhayət 2018-ci ildə yenidən bu proqrama qoşulub.
“PISA-2025”də isə Azərbaycan ilk dəfə ölkə üzrə genişmiqyaslı iştirak edib. Qiymətləndirmədə Azərbaycanın müxtəlif rayonlarından 241 məktəbdə 7 432 şagird iştirak edib.
Nəticələrə əsasən, Azərbaycanlı şagirdlər təbiət elmlərindən 409 bal, riyaziyyatdan 422 bal, oxudan isə 374 bal toplayıblar. Hesablama əsaslı problem həlli üzrə orta nəticə isə 388 bal olub. OECD-nin orta göstəriciləri ilə müqayisədə Azərbaycan hər üç əsas istiqamətdə daha aşağı nəticə göstərib.
Məlumat üçün onu da bildirək ki, “PISA-2025”də ən yüksək nəticələr əsasən Şərqi Asiya ölkələri və iqtisadiyyatlarında qeydə alınıb. Çin təbiət elmlərində 597 balla birinci, Sinqapur isə 560 balla ikinci olub.
Keçmiş SSRİ və qonşu ölkələrin topladığı ballar ilə 91 ölkə arasındakı mövqeyi aşağıdakı kimi olub:

Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycan təbiət elmlərində 91 ölkə arasında 67-ci, riyaziyyatda 47-ci, oxuda 70-ci, hesablama əsaslı problem həllində isə 76-cı sırada olub.
Qeyd edək ki, 3 il əvvəl – 2022-ci ildə Bakı şəhəri təbiət elmlərində 81 ölkə arasında 56-cı (397 bal), riyaziyyatda 68-ci (380 bal), oxuda isə 69-cu (365 bal) sırada qərarlaşıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top