
Xəbər verdiyimiz kimi, ötən ilin yanvar ayında “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ı təsdiq edilib.
Yeniavaz.com xəbər verir ki, Dövlət Proqramınında nəzərdə tutulan bəzi işlərin bu ilin – 2026-cı ilin sonuna kimi icra olunacağı qeyd olunub.
2026-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulan əsas işlər aşağıdakılardır:
1. Bilgəh–Novxanı–Xırdalan–Şamaxı avtomobil yolunun tikintisi və istismara verilməsi.
2. Akademik Həsən Əliyev küçəsi–“Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi–Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi və istifadəyə verilməsi.
3. 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi və yeni bağlantıların yaradılması.
4. Xırdalan şəhərinin M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi.
5. M-1 Bakı−Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və I mədən küçəsinin kəsişməsində (“Xırdalan dairəsi”) yol ayrıcının təkmilləşdirilməsi.
6. Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçidin təkmilləşdirilməsi.
7. “28 May” metro stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması.
8. “Həzi Aslanov” metro stansiyasının əsaslı təmirinin yekunlaşdırılması.
9. Dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili.
Qeyd edək ki, bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulan bu işlərdən yalnız biri barədə məlumat verilib. AYNA martın 19-da Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışın təmin edildiyini açıqlayıb.
Digər işlərin başa çatdırılması barədə müvafiq qurumlar tərəfindən hər hansı bir açıqlma verilməyib. Bəzi işlərin isə 2026-cı il ərzində başa çatdırılmayacağı məlum olub. Dövlət Proqramında göstərilir ki, “28 May” metro stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması işləri 2025-2026-cı illər ərzində həyata keçiriləcək. “Bakı Metropoliteni” QSC-dən verilən açıqlamada isə bildirilib ki, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilib və layihənin təxminən 10–11 ay davam etməsi nəzərdə tutulur.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz