Türkiyə şirkəti 110 milyon dollara Tbilisidə 7,5 km tramvay xətti və depo tikəcək


Gürcüstanın paytaxtı Tbilisidə yeni tramvay xəttinin layihələndirilməsi və tikintisi Türkiyə şirkətlərinin yaratdığı EYE (“Emre Ray”, “Yüksel” və “Erk”) birgə müəssisəsinə həvalə olunub.
Yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, Tbilisi Nəqliyyat Şirkəti tenderin qalibi olan EYE birgə müəssisəsi ilə tramvay layihəsinin hazırlanması və tikintisi üzrə müqavilə imzalayıb.
Tbilisi meri Kaxa Kaladze bildirib ki, şəhərin nəqliyyat sisteminin inkişafı üçün artıq konkret addımlar atılır.
Onun sözlərinə görə, əsas məqsəd Tbilisidə ictimai nəqliyyatı daha rahat, təhlükəsiz, sürətli və əlçatan etməkdir.
“İnsanların ictimai nəqliyyatı başqa seçimləri olmadığı üçün deyil, sürətli, rahat və etibarlı olduğu üçün seçmələrini istəyirik. Tramvay bu sistemin daha bir vacib hissəsinə çevriləcək”, – mer bildirib.
Qeyd olunur ki, Didi Diqomi–Didube tramvay layihəsi 7,5 kilometrlik tramvay xəttinin və tramvay deposunun tikintisini nəzərdə tutur.
Layihə “Dizayn-Tikinti” (Design-Build) modeli ilə həyata keçiriləcək. Bu modelə əsasən, həm layihələndirmə, həm də tikinti işlərinə bir podratçı cavabdeh olacaq.
Layihənin tamamlanması üçün 36 aylıq müddət müəyyən edilib.
EYE birgə müəssisəsinin tərkibində yer alan “EmreRay” Türkiyədə və digər layihələrdə tramvay infrastrukturu üzrə işlər həyata keçirib.
Şirkətin məlumatına görə, “EmreRay” İstanbulda 7,3 kilometrlik Eminönü–Kabataş tramvay hissəsində relslərin və kontakt naqillərinin quraşdırılmasını həyata keçirib.
Şirkətin təcrübəsində Əskişəhərdə 17 kilometrlik tramvay xətti layihəsi, həmçinin Antalyada tramvay sisteminin elektrikləşdirilməsi işləri də yer alır.
Tender çərçivəsində EYE birgə müəssisəsi işləri 287 milyon 654 min 321 lariyə (110,4 milyon dolları) həyata keçirməyi təklif edib.
Bu məbləğ təxminən 416,6 milyon lari (159,8 milyon dollar) olaraq müəyyən edilən alış qiymətindən 129 milyon lari (49,4 milyon dollar) azdır.

DİGƏR XƏBƏRLƏR

Top