
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası bazar günü Saksoniya-Anhalt əyalətində keçirilən seçkidə qalib gəlib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, exit-poll nəticələrinə görə, bu, sağçı populist partiyanı İkinci Dünya müharibəsindən sonra ilk dəfə əyalət səviyyəsində hakimiyyətə gəlməyə yaxınlaşdırıb.
Ümumi çoxluğu əldə edə bilməsə də, AfD səslərin təxminən 44%-ni qazanaraq kansler Fridrix Mertsin mühafizəkarlarını ağır məğlubiyyətə uğradıb. Nəticə Almaniyanın hakim koalisiyasına olan narazılığın artdığını və ölkənin siyasi mənzərəsinin getdikcə parçalandığını göstərir.
AfD artıq ölkə üzrə ən populyar siyasi partiyadır və bu nəticə ilə öz siyasi gündəliyini həyata keçirmək üçün əyalət səviyyəsində möhkəmlənməyə çalışır. Partiyanın əsas tələbləri arasında immiqrasiyaya ciddi məhdudiyyətlər qoyulması, Rusiya ilə münasibətlərin bərpası, Ukraynaya dəstəyin azaldılması və avrodan imtina edilməsi yer alır.
Səslərin hesablanması davam edərkən AfD-nin hökumət formalaşdırıb-formalaşdıra bilməyəcəyi hələlik məlum deyil. Çünki digər əsas partiyalar AfD ilə koalisiya qurmayacaqlarını bildiriblər. Buna görə partiyanın hökumət qurması üçün mütləq çoxluğa ehtiyacı var.
ZDF-nin məlumatına görə, seçici fəallığı 77%-ə çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz