
Məlum olduğu kimi, artıq 10 ildir Azərbaycanda Formula 1 yarışları keçirilir. Yarışların keçiriləməsi paytaxt sakinləri üçün müxtəlif problemlər yaratsa da, şübhəsiz, ölkə iqtisadiyyatına və turizminə təsirsiz ötüşmür. Hər il dünyanın müxtəlif ölkələrindən F1 həvəskarlarını Bakıya cəlb edən bu idman növü şəhərin beynəlxalq arenada tanınmasına və yarışlar keçirilən müddət ərzində turizm sektorunun canlanmasına töhfə verir.
Bəs bu illər ərzində Formula 1 yarışlarının ölkə iqtisadiyyatına təsiri necə olub?
Məsələ ilə bağlı Yeniavaz.com-a danşan iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, F1 idman dünyasında ən populyar auditoriyası olan və dünyada 500 milyona yaxın insan tərəfindən izlənilərək ilk beşliyə daxil edilən yarışlardan biridir:
“Təbii ki, Azərbaycanın adının hallanması, şəhər içində, Monakodan sonra, ikinci belə bir yarışın təşkil olunması ölkənin tanıtımında ciddi rol oynadı. 2019-cu ildə 3,5 milyona yaxın turistin ölkəmizə gəlməsi ilə tarixdə böyük bir rekord əldə etdik. Bu tendensiyanı zəiflətən amil isə, pandemiya və quru sərhədlərin bağlanması və bu günə qədər də açılmaması oldu”.
N.Cəfərli Formula 1 yarışlarının mənfi cəhətlərindən də danışıb. Onun sözlərinə görə, ən böyük problem kiçik bizneslərə təsirdə olub:
“Şəhər içində olduğuna görə bəzi kafelər, restoranlar, mağazalar Formula 1 keçirildiyi dövrdə xeyli əziyyət çəkirlər, yəni müştərilərini itirirlər və ya azalır, həmçinin yollar, keçidlər bağlı olur və beləcə bir müddət belə problemləri yaşayırlar”.
Ekspert problemin həlli yolunun Bakı Şəhər İcra Hakimiyyəti və yaxud Formula 1 təşkilatçılarının kiçik bizneslərə göstərəcəyi dəstəkdə görür:
“Bəzi obyektlər bu itkilər nəticəsində təqribən bir ay əziyyət çəkirlər və bu da onların illik qazancına mənfi təsir göstərir. Amma ümumilikdə baxdıqda, F1 yarışlarının keçirilməsui Azərbaycan tanınmasına təsir edən mühüm amillərdən biridir”.
Bəs yarışlar turizm sektoruna necə təsir göstərir?
Yeniavaz.com-a danışan turizm eksperti Ceyhun Aşırov bildirib ki, yarış üçün satışa çıxarılan bütün biletlərin satılması turizmlə bağlı əsas göstəricilərdəndir:
“Bunu biz turizm sahəsində otellərin doluluğundan, ölkəyə gələn əcnəbilərin sayından hiss edirik və görürük ki, həqiqətən insanlar dünyanın müxtəlif yerlərindən sırf bu yarışları izləmək üçün gəlir. Əlbəttə, bu kimi yarışlar sırf ölkəni tanıtmaq adına böyük əhəmiyyət kəsb edir”.
Ekspert hesab edir ki, yarışların təkcə canlı yox, onlayn və ya xüsusi kanallar vasitəsilə izləyicilərinin olması, turizmə təsirini daha da artırır. Buna səbəb isə ,məkan haqqında axtarış saylarının çoxalmasıdır.
Bununla yanaşı, C.Aşırov sosial medianın da turizmə müsbət təsirlərindən bəhs edib:
“Formula 1 üçün gələn insanlar təkcə yarışa baxmır, həm də gəldikləri turizm ərazisini, yəni Bakını kəşf edirlər. Buranın gəzməli-görməli yerlərini, qastronomik məhsullarını, turistik memarlıq abidələrini də ziyarət etmiş olurlar.
Bir çox insanın bunları dost-tanışları ilə və ya sosial mediada paylaşması ölkənin populyarlaşmasına gətirib çıxarır”.
Zöhrə İsazadə
Tətbiqimizi yükləyə bilərsiniz