
Dünya avtomobil sənayesində Çin şirkətlərinin artan rəqabəti fonunda iri istehsalçılar xərclərin azaldılması və yeni texnologiyaların inkişafı istiqamətində əməkdaşlıqları genişləndirirlər.
Yeniavaz.com xəbər verir ki, “Nissan” və “Honda” avtomobil kompüter komponentləri və proqram təminatının birgə hazırlanması ilə bağlı rəsmi müqavilə imzalayıblar. Razılaşmaya əsasən, şirkətlər standartlaşdırılmış elektron idarəetmə bloklarını və yeni proqram təminatlarını paylaşacaq, həmçinin birgə tədqiqatlar aparacaqlar.
Tərəflər arasında danışıqlar 2024-cü ildə başlayıb. Birgə istehsal və tədqiqatların əsas məqsədi xərcləri azaltmaq, yeni texnologiyaların hazırlanmasını sürətləndirmək və istehsalda miqyas iqtisadiyyatından yararlanmaqdır. Yeni texnologiyalarla təchiz edilmiş avtomobillərin 2029-cu ildə bazara çıxarılması planlaşdırılır.
Bu əməkdaşlığın əsas səbəblərindən biri kimi Çin avtomobil istehsalçılarının, xüsusilə elektrikli avtomobil seqmentində artan rəqabəti göstərilir.
Honda xərcləri 9,4 milyard dollar azaltmaq istəyir
“Honda” 2030-cu ilə qədər xərclərini 9,4 milyard dollar azaltmağı planlaşdırır. Şirkət bu məqsədlə təchizatçılardan qiymətlərin aşağı salınmasını istəyir və standartlaşdırılmış hissələrdən daha geniş istifadə etməyə hazırlaşır.
Şirkətin bu addımı əsasən Çin istehsalçılarının, o cümlədən BYD-nin qlobal bazarda yaratdığı təzyiqlə əlaqələndirilir. Çin şirkətləri daha aşağı qiymətlər və inkişaf etmiş texnologiyalarla Yaponiya avtomobil istehsalçıları üçün ciddi rəqabət yaradır.
“Honda” elektrikli avtomobil biznesində 12 milyard dollardan çox itki proqnozlaşdırır. Şirkət bu ilin mayında tarixində ilk illik itkisini açıqlayıb.
“Volkswagen” Almaniyada 4 zavodu bağlamağı planlaşdırır
“Volkswagen”in Almaniyadakı dörd zavodunun mərhələli şəkildə bağlanması təklif edilir.
Almaniya mətbuatının şirkətin müşahidə şurasının daxili sənədinə istinadən yaydığı məlumata görə, “Emden” və “Zvikau” zavodlarında istehsalın 2031-ci ildə dayandırılması nəzərdə tutulur.
Daha sonra 2032-ci ildə “Hannover”, 2034-cü ildə isə “Nekkarsulm” zavodunun fəaliyyətinin dayandırılması planlaşdırılır.
Tesla Ostində ödənişli robotaksi xidmətinə başlayıb
“Tesla” Texas ştatının Ostin şəhərində özünüidarəetmə sistemi ilə çalışan “Cybercab” robotaksisinin ilk kommersiya və ödənişli səfərlərini həyata keçirib.
İki nəfərlik avtomobil sükan və ayaq dayaqları olmadan hazırlanıb. Hazırda bu avtomobillərdən yalnız 45-nin xidmət göstərməsinə icazə verilib.
“Cybercab”da təhlükəsizliyin 9 kamera və tavana quraşdırılmış radar vasitəsilə təmin edildiyi bildirilir. Avtomobilin multimedia sistemi isə “Unreal Engine” platformasında işləyir.
“Tesla” istehsal prosesində yeni modulyar yığma metodundan istifadə edir. Şirkət bu üsulun istehsal sahəsinə olan tələbatı 50 faiz azaltmağa imkan verdiyini açıqlayıb. İlon Mask “Cybercab” prototipini 2024-cü ilin oktyabrında təqdim edib, seriyalı istehsalın isə 2027-ci ildə başlanması planlaşdırılır.
Londonda “Ford Mustang” robotaksiləri fəaliyyətə başlayıb
“Uber” və “Wayve” şirkətləri Londonda avtonom taksi xidmətini istifadəyə veriblər.
Müştərilər “UberX”, “Electric” və ya “Comfort” sifariş etdikdə “Wayve” texnologiyası ilə təchiz edilmiş “Ford Mustang Mach-E” avtomobili göndərilə bilər.
Hazırda təhlükəsizlik məqsədilə avtomobildə insan nəzarətçi də olur. Sərnişin istənilən halda avtonom səfərdən imtina edə bilər. Razılıq verildikdə avtomobili süni intellekt əsaslı AV2.0 sistemi idarə edir.
Hazırda Londonda cəmi 15 belə avtomobil fəaliyyət göstərir. Şirkətlər gələcəkdə xidməti 12 beynəlxalq bazara genişləndirməyi planlaşdırırlar.
Tətbiqimizi yükləyə bilərsiniz