
İranın Ali Lideri Müctəba Xameneiyə aid olduğu iddia edilən iki lüks mənzil İngiltərənin paytaxtı Londonda satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.
Məlumata görə, mənzillər Londonun Kensington rayonunda, Palace Green küçəsində yerləşir və İsrail səfirliyindən 50 metrdən az məsafədədir.
Binanın altıncı və yeddinci mərtəbələrində yerləşən mənzillərin 2014 və 2016-cı illərdə vasitəçilər vasitəsilə alındığı bildirilir.
Mənzillərdən biri 2016-cı ildə 19 milyon funt sterlinqə alınıb. Hazırda həmin əmlak 12 milyon funt sterlinqə satışa çıxarılıb. Digər mənzilin isə 16,75 milyon funt sterlinqə alındığı, lakin hazırkı satış qiymətinin açıqlanmadığı qeyd olunur.
“The Sunday Times” yazır ki, əmlakların satışı Britaniya hakimiyyəti tərəfindən sanksiyaya məruz qalan iranlı bankir Əli Ənsari ilə əlaqələndirilir. Ənsarinin Müctəba Xamenei üçün vasitəçi olduğu iddia edilir.
Məlumata görə, Ənsarinin ipoteka ödənişlərini həyata keçirə bilməməsindən sonra Britaniya hakimiyyəti əmlakların satışına qərar verib.
Mənzillərin hər birində qulluqçu otaqları və özəl dam terraslarının olduğu bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz