
ABŞ ordusu onilliklər sonra ilk dəfə NATO-nun İslandiyada keçirilən “Şimali Viking” təlimində iştirak etmir.
Yeniavaz.com “Politico”ya istinadən xəbər verir ki, təlimdə NATO müttəfiqləri Rusiya sualtı qayıqlarının aşkarlanması və onlara qarşı mübarizə aparılması üzrə məşqlər keçirirlər.
Təlimlərdə Kanada, Fransa, Almaniya, Belçika, Litva və digər NATO ölkələrinin hərbi gəmiləri, təyyarələri və sualtı qayıq əleyhinə qüvvələri iştirak edir.
ABŞ hərbi qüvvələri təlimdə gəmi və ya təyyarə ilə təmsil olunmasa da, amerikalı hərbçilər İslandiyadakı Keflavik bazasında yeni obyektlərin tikintisini davam etdirir və təlimlərin planlaşdırılmasına cəlb olunublar.
İslandiyanın yerləşdiyi GIUK (Qrenlandiya–İslandiya–Böyük Britaniya) keçidi NATO üçün strateji əhəmiyyət daşıyır. Bu ərazi Rusiyanın sualtı qayıqlarının Arktikadan Atlantik okeanına çıxışının izlənilməsi baxımından mühüm hesab olunur.
ABŞ-nin təlimdə iştirak etməməsi Vaşinqtonla Avropa müttəfiqləri arasında artan fikir ayrılıqları və ABŞ hərbi qüvvələrinin Avropadakı rolunun azalması fonunda diqqət çəkir.
Tətbiqimizi yükləyə bilərsiniz