ABŞ Türkiyə bankına İrana görə sanksiya tətbiq edib


ABŞ Maliyyə Nazirliyi İranın iqtisadi cəhətdən təcrid edilməsinə yönəlmiş kampaniya çərçivəsində Türkiyənin “Golden Global Yatırım Bankası” və onun iki törəmə şirkətinə sanksiya tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Xəzinədarlıq Departamenti bankı İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds Qüvvələri” üçün on milyonlarla dollarlıq maliyyə əməliyyatlarının həyata keçirilməsinə yardım etməkdə ittiham edib.
Vaşinqtonun iddiasına görə, bank İran hökumətinin beynəlxalq maliyyə sisteminə çıxışını təmin edib. ABŞ tərəfi bu əməliyyatlarda qızıl və nağd vəsaitlərdən istifadə edildiyini bildirir.
Sanksiyalar nəticəsində bank və iki törəmə şirkəti ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) xüsusi sanksiya siyahısına daxil edilib. Bu, həmin qurumların ABŞ maliyyə sisteminə çıxışını məhdudlaşdırır.
“Golden Global Bank” isə ittihamları rədd edib. Bank bütün əməliyyatlarının yerli və beynəlxalq qaydalara uyğun olduğunu açıqlayıb və ABŞ-nin qərarına qarşı hüquqi tədbirlər görəcəyini bildirib.
ABŞ-nin Türkiyədəki səfiri Tom Barak da sanksiyaların Türkiyə maliyyə sisteminin sabitliyinə aid olmadığını vurğulayıb. O bildirib ki, məsələ yalnız konkret bir qurumun fəaliyyəti ilə bağlıdır.
ABŞ Maliyyə naziri Skott Besant isə Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq kampaniyasının davam edəcəyini və yeni sanksiyaların elan olunacağını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top