ABŞ nümayəndələri Putinlə Ukrayna müharibəsinin başa çatdırılmasını müzakirə edib


ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin başa çatdırılması istiqamətində növbəti addımları müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, AFP bu barədə Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Ağ Evin sözçüsü bildirib ki, tərəflər növbəti addımlarla bağlı “əsaslı planları” müzakirə ediblər. Bu planların yaxın həftələrdə açıqlanması gözlənilir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşü “son dərəcə səmimi” adlandırıb. Onun sözlərinə görə, ABŞ nümayəndələri münaqişənin mümkün həlli ilə bağlı bir neçə fikir təqdim edib. Uşakov təkliflərin detalları barədə məlumat verməyib.
Bununla yanaşı, Rusiya tərəfi hərbi məqsədlərinə çatacağına əmin olduğunu bildirib. Uşakov Rusiyanın Ukraynanın şərqində qalan ərazilər üzərində nəzarəti ələ keçirməyi gözlədiyini deyib.
Görüşdən sonra Vitkov və Kuşner Ukraynaya yollanıb. Bu, onların müharibənin başlanmasından sonra Kiyevə ilk səfəri olacaq. Onların Polşanın Rzeszov şəhərindən Ukraynaya keçməsi gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ nümayəndələrini bazar günü gözlədiyini təsdiqləyib.
Putin görüş zamanı Rusiyanın həm danışıqlar prosesinin, həm də Kiyevdə fəaliyyət göstərəcək ABŞ vasitəçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyini bildirib.
Rusiya Prezidenti həmçinin Donald Trampa münaqişənin sona çatdırılması istiqamətində səylərinə görə təşəkkür edib və danışıqlar prosesinin hələ də çətin olduğunu vurğulayıb.
Digər tərəfdən, Tramp ABŞ nümayəndələrinin döyüşlərin dayandırılması ilə bağlı təklif irəli sürdüyünü açıqlayıb. O, təklifin məzmununu açıqlamayıb.
Diplomatik təmaslar çərçivəsində Moskva və Kiyev paytaxtlara zərbələrin məhdudlaşdırılması ilə bağlı razılığa gəliblər. Kreml Putinin üç gün ərzində Kiyevə zərbə endirilməməsi barədə göstəriş verdiyini açıqlayıb. Zelenski isə Ukraynanın şənbə gününün sonuna qədər, həmçinin bazar və bazar ertəsi günləri Moskvaya zərbə endirməkdən çəkinməyə hazır olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top