Avropaya səyahət edənlərə xəbərdarlıq – Sərhəd qaydaları sərtləşdirilir


Avropaya səyahət edənlər üçün sərhəd keçidində yeni mərhələ başlayır.
Yeniavaz.com
xəbər verir ki, Avropa İttifaqının Giriş-Çıxış Sistemi – EES ilə bağlı tətbiq olunan müvəqqəti güzəştlər sentyabrın 6-da başa çatır.
Sentyabrın 7-dən etibarən sərhədlərdə sistemin tətbiqinin uzun növbələr səbəbindən müvəqqəti dayandırılmasına icazə verilməyəcək.
EES sistemi Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarının sərhəddən giriş və çıxışını elektron şəkildə qeyd edir. İlk qeydiyyat zamanı səyahətçinin pasport məlumatları ilə yanaşı, üz görüntüsü və barmaq izləri də sistemə daxil edilir.
Bu dəyişiklik səbəbindən xüsusilə böyük Avropa hava limanlarında sərhəd nəzarətində gözləmə müddətinin artacağı gözlənilir. Son aylarda bəzi hava limanlarında uzun növbələr və uçuşların qaçırılması halları qeydə alınıb.
Azərbaycan vətəndaşları üçün isə Şengen vizası tələbi dəyişmir. EES viza deyil və vizanı əvəz etmir. Sistem yalnız sərhəddən keçidin qeydiyyatı və biometrik yoxlama qaydasını dəyişir.
Digər mühüm yenilik ETIAS-la bağlıdır. Vizasız səyahət edənlər üçün nəzərdə tutulan elektron səyahət icazəsinin tətbiqi yenidən təxirə salınıb və hazırda onun dəqiq başlanma tarixi yoxdur. Buna görə hazırda ETIAS üçün müraciət etmək və ödəniş etmək tələb olunmur.
Avropaya gedənlərə sərhəd nəzarətində mümkün gecikmələri nəzərə almaq və hava limanına əvvəlkindən daha tez getmək tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top