
BMT-nin iqlim agentliyi “El Nino”nun yaxın aylarda özünü çox güclü şəkildə göstərəcəyini və ən azı 2027-ci ilin fevral ayına qədər davam edəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında öz əksini tapıb.
ÜMT-nin proqnozuna görə, gələcək aylarda “El Nino” çox güclü hadisəyə çevriləcək, yağıntı və temperatur rejiminə əhəmiyyətli dərəcədə təsir göstərəcək, daşqın, quraqlıq və həddindən artıq isti riskini artıracaq.
ÜMT “El-Nino”nun qarşıdakı aylarda daha da güclənəcəyini, bu ilin sonlarında pik həddə çatacağını, lakin onun iqlim təsirlərinin 2027-ci ildə hiss olunacağını bildirib.
“El Nino” təbii bir iqlim fenomenidir və birbaşa iqlim dəyişikliyindən irəli gəlmir. Lakin alimlər ”El Nino”nun temperaturu artıracağını və ekstremal hava hadisələrini intensivləşdirəcəyini gözləyirlər.
ÜMT həmçinin, hesabatda “El-Nino”nun təsirinin ən çox hiss olunduğu bölgə olan mərkəzi-şərq ekvatorial Sakit Okeanında dəniz səthinin temperaturunun orta səviyyədən xeyli yüksək olduğunu və bu temperaturun artmaqda davam etdiyini qeyd edib.
Hesabat müəllifləri bildiriblər ki, okean səthinin altında daha ekstremal temperatur müşahidə olunur. Bəzi bölgələrdə iyul və avqustun əvvəllərində okeanın yeraltı temperaturu orta səviyyədən 8 dərəcə yüksək olub.
Okean səthindəki və altındakı bu vəziyyət “El Nino” fenomeninin davam edəcəyini və qarşıdakı aylarda daha da güclənəcəyini göstərir.
Digər tərəfdən, BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, “El-Nino” gözümüzün qaqşısnda nəhəng miqyaslara çatır.
O, qeyd edib ki, elmi dəlillər heç bir şübhə yeri qoymur: “Planet xəritədə qeyd olunmamış sulardadır və bu sular sürətlə isinir. Dəniz səthinin temperaturu yüksəlir, qlobal temperatur artır və dünya ekstremal hava şəraiti ilə bağlı yüksək risk zonasına daxil olur”.
ÜMT-nin rəhbəri Seleste Saulo isə bildirib ki, “El Nino” dünyanın hər yerində cəmiyyətlərə və iqtisadiyyatlara dağıdıcı zərbələr vurmaq potensialına malikdir.
“Biz artıq quraqlıq və daşqınların yaratdığı genişmiqyaslı dağıntılar görürük və “El-Nino” şiddətləndikcə bu təsirlərin daha da güclənəcəyini gözləyirik”, - Saulo əlavə edib.


Tətbiqimizi yükləyə bilərsiniz