
Ukrayna və Polşa FIFA Dünya Kubokuna birgə ev sahibliyi etmək üçün müraciət etməyi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat verib.
“Dünya çempionatı üçün növbəti mümkün tarix 2040-cı illərdədir. Ona görə də, biz bunu indidən planlaşdırmalıyıq”, - Ukraynanın idman naziri Matvey Bednıy bildirib.
O, həmçinin bildirib ki, Ukrayna və Polşa artıq böyük futbol turnirinə birgə ev sahibliyi etmək təcrübəsinə malikdir. Belə ki, hər iki ölkə 2012-ci ildə Avropa Çempionatına ev sahibliyi edib.
Hələ ki, FİFA-ya rəsmi müraciət təqdim olunmasa da, bu təşəbbüs Kiyev və Varşava nümayəndələri tərəfindən Qdanskda Ukraynanın yenidən qurulması ilə bağlı keçirilən konfrans çərçivəsində müzakirə olunub.
Qeyd edək ki, Ukrayna milli komandası 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilməyib. Ukraynalı futbolçular sonuncu dəfə Dünya Kubokunda 20 il əvvəl iştirak ediblər.
Növbəti Dünya Kuboku 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. 2034-cü ildə isə yeganə ev sahibi ölkə Səudiyyə Ərəbistanı olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz