“Ana qucağı”


(Həyat dərsi)

Şəhərin ən müasir bağçalarından birinə gəlmişdi. Gənc ana yaşı yenicə tamam olmuş uşağını bu bağçaya verəcək və çoxdan arzusunda olduğu doğma işinə qayıdacaqdı. Qadın içəri girər-girməz müdirin otağını soruşdu. Otaq çox da uzaqda deyildi. Qapını açıb masasındakı yazılardan müdir olduğu məlum olan adama yaxınlaşdı. Burada çox vaxt itirmək istəmirdi. Odur ki, birbaşa mətləbə keçdi:
- Uşağımı bu bağçaya vermək istəyirəm. Eşitdiyimə görə, burada uşağa yaxşı baxırlar.
Müdir gözlüyünü düzəldərək:
- Düz eşitmisiniz. Hər şey dediyiniz kimidir, - deyə cavab verdi.
Gənc qadın çox sevindi və sevinclə qucağındakı körpəyə baxdı. Bu vaxt müdir daxılından bir neçə sənəd çıxardı. Sənədləri qadına uzadıb:
- Müqaviləni aylıq bağlayırıq, - dedi.
Qadın kağızları tələsik nəzərdən keçirməyə başladı. Axırıncı bəndə çatanda üzündəki ifadə dəyişdi. Üzünü müdirə tutub:
- Bütün bəndləri başa düşdüm, ancaq bu son bəndi başa düşmədim? - dedi.
Müdir kreslosundan qalxdı:
- Hə, bu çox mühüm bənddir. Paltarlarınızdan birini bizə verməlisiniz. Yun jaket və ya xalat da ola bilər...
- Xalat? - deyə gənc qadın təəccübləndi, - O nə üçün?
Müdir böyük bir ciddiyətlə cavab verdi:
- Yatarkən körpələri bu paltarlarla örtürük. Bu paltarlar onlara ana qucağını əvəz edir...

DİGƏR XƏBƏRLƏR

Top