
Alman avtomobil istehsalçısı “Volkswagen” genişmiqyaslı xərclərin azaldılması və restrukturizasiya planını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, şirkətin “Future Plan 2030” adlandırdığı proqram çərçivəsində qlobal miqyasda təxminən 50 min iş yerinin ixtisar edilməsi nəzərdə tutulur.
“Volkswagen”dən bildirilir ki, bu addım şirkətin rəqabət qabiliyyətini artırmaq və xərcləri azaltmaq məqsədi daşıyır.
Plan çərçivəsində avtomobillərin model çeşidinin 2035-ci ilə qədər təxminən 50 faiz azaldılması, məhsul çeşidinin mürəkkəbliyinin isə 75 faizədək aşağı salınması planlaşdırılır. Şirkət daha çox satılan modellərə və daha az sayda variantın istehsalına fokuslanacaq.
“Volkswagen”in məlumatına görə, Almaniyadakı “Emden”, “Zvikau”, “Hannover” və “Nekkarzulm” zavodları üçün 2031–2034-cü illər üzrə rəqabətqabiliyyətli istehsal həcminə hazırda zəmanət vermək mümkün deyil. Bu müəssisələrin alternativ istifadəsi də nəzərdən keçirilir.
Şirkət Avropadakı istehsal gücünün tələbatı 500 mindən çox avtomobil üstələdiyini bildirir. Eyni zamanda, illik istehsal gücünün 2030-cu ilə qədər 9 milyon avtomobil səviyyəsinə uyğunlaşdırılması nəzərdə tutulur.
“Volkswagen”in bu addımı əsasən Çin avtomobil istehsalçılarının artan rəqabəti, bazarlardakı tələbat dəyişiklikləri və ABŞ tarifləri fonunda atılıb. Şirkət 2026-cı ilin ilk yarısında Çində satışların azalması ilə əlaqədar vergi sonrası mənfəətinin 30 faiz gerilədiyini açıqlayıb.
“Volkswagen” hazırda dünya üzrə təxminən 650 min nəfəri işlə təmin edir. Şirkət yeni restrukturizasiya proqramını tarixindəki ən genişmiqyaslı transformasiya mərhələlərindən biri kimi təqdim edir.
Tətbiqimizi yükləyə bilərsiniz