
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi “SOCAR Georgia Petroleum” Gürcüstana ilk dəfə İtaliyanın eyni qrupuna daxil olan “Italiana Petroli” şirkətindən 5 min ton yüksək keyfiyyətli benzin idxal edib.
Yeniavaz.com BMG agentliyinə istinadən xəbər verir ki, “EN 228” Avropa standartına uyğun olan ilk yanacaq partiyası SOCAR-a məxsus gəmi ilə Gürcüstana çatdırılıb.
Bildirilib ki, bu, “SOCAR Georgia Petroleum” ilə “Italiana Petroli” arasında ilk birbaşa kommersiya əməliyyatıdır.
“SOCAR Georgia Petroleum” şirkətinin direktoru Nodar Kançavelinin sözlərinə görə, “Italiana Petroli”nin neft emalı və keyfiyyətə nəzarət sahəsində təcrübəsinin SOCAR-ın beynəlxalq infrastrukturu ilə birləşdirilməsi Gürcüstan bazarında yanacaq resurslarının şaxələndirilməsinə imkan verəcək.
Onun sözlərinə görə, əməkdaşlığın əsas məqsədlərindən biri Gürcüstana Avropa standartlarına uyğun yanacağın etibarlı və fasiləsiz tədarükünü təmin etməkdir.
Qeyd edək ki, SOCAR bütün zəruri tənzimləyici təsdiqləri əldə etdikdən sonra 8 may 2026-cı il tarixində “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82%-nin alınmasını tamamlayıb.
SOCAR Gürcüstan bazarında fəaliyyətinə isə 2006-cı ildə başlayıb. Həmin il şirkətin Azərbaycandan kənarda ilk törəmə müəssisəsi olan “SOCAR Energy Georgia” fəaliyyətə başlayıb.
Xatırladaq ki, bu ilin yazında SOCAR Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvilini “Italiana Petroli” şirkətinin baş direktoru təyin edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz