“Nəsillərarası sıçrayış”: “GPT-6 Astra” təqdim olundu – Kimlər işini itirə bilər?


“OpenAI” inanılmaz imkanlara malik “GPT-6 Astra” modelini sentyabrın 3-də rəsmi olaraq elan edib.
Yeniavaz.com
xəbər verir ki, şirkət yeni modeli ən ağıllı süni intellekt və AGI (Analitik Ümumi Zəka) istiqamətində ən uğurlu addım kimi təsvir edir.
Məlumata görə, “GPT-6 Astra” kompüter istifadəsi, brauzer idarəetməsi, proqram təminatı mühəndisliyi, kibertəhlükəsizlik, elmi tədqiqatlar və peşəkar iş axınlarında ən qabaqcıl modeldir.
“GPT-6 Astra” problem həll etmə və abstrakt düşüncə testlərində də yüksək nəticələr göstərib. Model “FrontierMath Tier 4” (süni intellekt modellərinin riyazi düşünmə qabiliyyətini yoxlamaq üçün hazırlanmış test) testində 98%, ARC-AGI-3-də (süni intellektin insan kimi öyrənə, araşdıra, qaydaları özü kəşf edə və yeni vəziyyətlərə uyğunlaşa bilməsini ölçən) 99,9%, “ExploitBench”də (süni intellekt modellərinin real proqram təminatındakı təhlükəsizlik boşluqlarını öyrənməsi üçün nəzərdə tutulan test) isə 100% nəticə əldə edib.
Elmi tədqiqat işlərini kod və terminal alətləri ilə yerinə yetirmə qabiliyyətini ölçən “Terminal-Bench Science 0.1” testində də 64,6% nəticə ilə qabaqcıl modellər arasında ilk sırada qərarlaşıb. Bununla belə, nəticələrin müstəqil testlərlə təsdiqlənməsi gözlənilir.
Kibertəhlükəsizlik sahəsində isə model həm imkanları, həm də riskləri ilə diqqət çəkir. “Astra” aparılan testlər zamanı əvvəllər məlum olmayan iki təhlükəsizlik boşluğu aşkar edib. “OpenAl” isə modelin bu imkanlarından təhlükə risklərinin qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb.
“GPT-6 Astra”nın kompüterdə gündəlik və peşəkar tapşırıqları müstəqil şəkildə yerinə yetirmək qabiliyyəti əmək bazarında da müəyyən dəyişikliklərə səbəb ola bilər. Xüsusilə təkrarlanan və rəqəmsal mühitdə həyata keçirilən işlərin bir hissəsinin gələcəkdə süni intellekt tərəfindən avtomatlaşdırılması mümkündür.
İlk növbədə ofis və inzibati işlər, məlumatların sistemə daxil edilməsi, müştəri xidmətləri, elektron poçtların hazırlanması, məlumatların təhlili və standart hesabatların hazırlanması kimi sahələrdə çalışanların iş prosesləri dəyişə bilər.
Proqramlaşdırma sahəsində təsirin daha böyük olması gözlənilir. “Astra”nın kod yazmaq, proqramları test etmək və səhvləri müəyyənləşdirmək imkanları xüsusilə sadə və təkrarlanan tapşırıqların proqramçılar tərəfindən deyil, süni intellekt tərəfindən yerinə yetirilməsinə gətirib çıxara bilər.
Bununla belə, bu, həmin peşələrin tamamilə yox olacağı anlamına gəlmir. Daha çox ehtimal olunan ssenari insanların süni intellektlə birlikdə işləməsi və bəzi vəzifələrdə insan əməyinin həcminin azalmasıdır. Yəni “GPT-6 Astra”nın əsas təsiri yalnız iş yerlərinin itirilməsi deyil, mövcud peşələrin və iş proseslərinin dəyişməsi də ola bilər.

AGI-yə çatmaq mümkün olubmu?
Aparılan təhlillərdə çətin və ya qeyri-mümkün tapşırıqlarla qarşılaşdıqda modelin reaksiyaları ölçülüb. Nəticələr göstərib ki, əvvəlki model  “GPT-5.6 Sol” qorunmadığı zaman öz hədlərini 48% aşıb. “GPT-6 Astra” isə 0% nəticə ilə müəyyən edilmiş hədləri tam qoruyub.
“OpenAI”ın prezidenti Qreq Brokmanın “nəsillərarası sıçrayış” adlandırdığı model, şirkətin yüksək vəzifəli rəhbərlərinin fikrincə, bəşəriyyətin Analitik Ümumi Zəkaya çatdığı an kimi tarixə düşə bilər.
Model “Daybreak Access” proqramı çərçivəsində məhdud sayda təşkilat üçün əlçatan edilib. Yaxın günlərdə onun “ChatGPT Plus”, “Pro”, “Business və Enterprise” istifadəçiləri, eləcə də “OpenAI API” və “Amazon Web Services” (AWS) vasitəsilə daha geniş istifadəyə təqdim ediləcəyi gözlənilir.

Zöhrə İsazadə

DİGƏR XƏBƏRLƏR

Top