
Gündə səkkiz stəkan su içməyin zəruri olduğu ilə bağlı geniş yayılmış fikrin konkret elmi əsası yoxdur.
Yeniavaz.com xəbər verir ki, fizioloq, Dartmut Tibb Məktəbinin mütəxəssisi Haynts Valtin bu barədə “ScienceBlogs”a danışıb.
Onun sözlərinə görə, maye ehtiyacı insandan-insana əhəmiyyətli dərəcədə dəyişir:
“Gündə səkkiz stəkan su” tövsiyəsinin mənşəyi 1945-ci ildə ABŞ Qida və Qidalanma Şurasının hazırladığı hesabatla əlaqələndirilir. Hesabatda insanın gündəlik təxminən 2,5 litr su qəbul etməsinin nəzərdə tutulduğu bildirilsə də, sənəddə bu mayenin əhəmiyyətli hissəsinin qida vasitəsilə qəbul edildiyi də qeyd olunub.
Lakin sonrakı illərdə tövsiyənin bu hissəsi geniş yayılmış izahlardan çıxarılıb və ümumi gündəlik maye ehtiyacı yalnız içilən təmiz su kimi təqdim edilməyə başlanıb. Beləliklə, təxminən səkkiz stəkanlıq göstərici məcburi norma kimi qəbul edilib”.
Valtin bildirib ki, daha müasir elmi tövsiyələr də bütün insanlar üçün vahid “səkkiz stəkan” qaydasını müəyyən etmir:
“2004-cü ildə ABŞ Milli Elmlər Akademiyasının Tibb İnstitutunun açıqladığı tövsiyələrə əsasən, sağlam insanların əksəriyyəti susuzluq hissinə uyğun olaraq maye qəbul etməklə normal su balansını qoruya bilir. Burada söhbət yalnız sudan deyil, bütün içkilərdən və qidalardan qəbul edilən mayedən gedir”.
Fizioloqun sözlərinə görə, 2022-ci ildə “Science” jurnalında 23 ölkədən 5,6 mindən çox insanın iştirakı ilə aparılan araşdırma da insanların maye ehtiyacının ciddi şəkildə fərqləndiyini göstərib:
“Bu ehtiyac insanın bədən çəkisi, fiziki aktivliyi, havanın temperaturu və rütubəti, dəniz səviyyəsindən hündürlük, hamiləlik və digər amillərdən asılı ola bilər”.
Buna görə də mütəxəssis hər kəs üçün eyni miqdarda su içməyi tələb edən universal normanın olmadığını vurğulayır.
Fizioloq yalnız kifayət qədər maye qəbul etməyin deyil, həddindən artıq su içməyin də sağlamlıq üçün təhlükə yarada biləcəyinə diqqət çəkir:
“Məsələn, Boston marafonundan sonra müayinə edilən qaçışçıların 13 faizində qanda natriumun təhlükəli dərəcədə azalması – hiponatremiya aşkarlanıb.
Araşdırmaya əsasən, əsas risk amillərindən biri qaçış zamanı insanın çəkisinin artması olub. Bu isə yarış zamanı normadan artıq maye qəbul edilməsinə işarə edib. Su qəbulunda əsas meyar hamı üçün müəyyən edilmiş “səkkiz stəkan” qaydasına deyil, insanın fərdi ehtiyaclarına və susuzluq hissinə diqqət yetirməkdir”.
Tətbiqimizi yükləyə bilərsiniz