3,7 metrlik timsaha Şahzadə Uilyamın adını verdilər


Avstraliyalı təbiətşünas Robert İrvin 3,7 metrlik duzlu su timsahına Şahzadə Uilyamın adını verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ The Independent” qəzeti məlumat verib.
Məlumata görə, timsah Stiv İrvin Vəhşi Təbiət Qoruğunda aparılan tədqiqat layihəsi çərçivəsində tutulan 300-cü heyvan olub.
İrvin “Şahzadə Uilyam” adlı timsahı sosial şəbəkə səhifəsində təqdim edib.
O, vəhşi təbiətin qorunmasındakı səylərinə görə heyvana Britaniya taxtının varisinin adını vermək qərarına gəldiyini bildirib.
“Biz vəhşi təbiətin qorunmasındakı səylərinə görə bu müasir dinozavra Əlahəzrət Uels Şahzadəsinin adını vermək istədik”, - deyə İrvin qeyd edib.
Timsah Avstraliyada bu sürünənlərin genişmiqyaslı tədqiqatının bir hissəsi olaraq tədqiqatçılar tərəfindən tutulub. Tutulduqdan sonra alimlər onlara xüsusi cihazlar taxır və onları yenidən vəhşi təbiətə buraxırlar.
İndi “Şahzadə Uilyam” növbəti on il ərzində tədqiqat obyekti olacaq. Sensorlar tədqiqatçılara onun nə yediyini, su altında nə qədər qaldığını, həmçinin, iqlim dəyişikliyinin onun bədən temperaturuna necə təsir etdiyini müəyyən etməyə imkan verəcək.
İstifadə olunan yeni cihazlardan biri heyvanın yerini akustik siqnal vasitəsilə ötürəcək və bu siqnal sahil boyunca quraşdırılmış qəbuledicilər tərəfindən qeydə alınacaq.
Qeyd edək ki, Robert İrvin məşhur avstraliyalı təbiətşünas Stiv İrvinin oğludur.

DİGƏR XƏBƏRLƏR

Top