
“Bosniya Serb Ordusunun keçmiş komandanı, general Ratko Mladiçin nəşinin bu gecə Haaqadan Belqrada çatdırılması gözlənilir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.
“Bildiyim qədər nəşi artıq təhvil götürülüb və bu gecə Serbiyaya çatdırılmalıdır”, - o qeyd edib.
Digər tərəfdən Serbiya mətbuatı “Bosniya qəssabı”nın dəfn mərasiminin sentyabrın 7-də Belqradda keçiriləcəyini bildirib.
Məlumata görə, vida mərasimi 5 sentyabrda Belqradın mərkəzindəki Serbiya Ordusu Evində keçiriləcək, dəfn mərasimi 7 sentyabr bazar ertəsi günü generalın qızının dəfn olunduğu Topçider qəbiristanlığında baş tutacaq.
Qeyd edək ki, Ratko Mladiç 27 avqustda Haaqadakı BMT həbsxanasında vəfat edib.
Xatırladaq ki, 16 il gizlənən Ratko Mladiçin yeri 2011-ci ildə aşkarlanıb. O, Haaqaya ekstradisiya edilib və 2017-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunal tərəfindən soyqırımı, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum olunub.
O, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Bosniya serblərinin ordusuna rəhbərlik edib. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsaya daxil olmasından sonra şəhərdə və ətraf ərazilərdə bosniyalı müsəlmanlara qarşı kütləvi qətllər törədilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb.
2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi tanıyıb.
Tətbiqimizi yükləyə bilərsiniz