AKİ Melburn Universitetində təhsil alan tələbənin təhsil haqqını niyə ödəmir?


Avstraliyanın Melburn Universitetində bədii və sənədli filmlər üzrə prodüserlik ixtisasında magistr təhsili alan azərbaycanlı tələbə universitetdən xaric olunmaq təhlükəsi ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Melburn Universitetində magistr təhsili alan azərbaycanlı tələbə - Afaq Yusifli sosial şəbəkə hesabında paylaşım edib.
Tələbənin sözlərinə görə, onun təhsil haqqının ödənilməsi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına köçürülmüş 25,5 min manat vəsait mart ayından etibarən universitetə ödənilməyib. Bu səbəbdən tələbə universitetdən artıq dördüncü xəbərdarlığı alıb.
Universitet tərəfindən bildirilib ki, ikinci semestr üzrə ödəniş oktyabrın ilk həftəsinə qədər həyata keçirilməsə, tələbəyə qarşı sanksiya tətbiq olunacaq və onun təhsilinin dayandırılması mümkündür.
Tələbə qeyd edib ki, Azərbaycan dövlətinin onun təhsilinə ayırdığı vəsaitlərdən bir hissəsi artıq universitetə ödənilib. Belə ki, Mədəniyyət Nazirliyinin Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil haqqının 50 faizi qarşılanır. Onun sözlərinə görə, birinci semestr üçün 19 min 485 ABŞ dolları, digər semestr üzrə isə 15 min ABŞ dolları artıq universitetə ödənilib. Dördüncü semestr üzrə ödənişin isə 2027-ci ilin ilk rübündə həyata keçirilməsi nəzərdə tutulur.
Tələbənin bildirdiyinə görə, bu məbləğ 2025-ci ilin dekabrından etibarən Azərbaycan Kinematoqrafçılar İttifaqına təhsil haqqıma dəstək göstərən qurum tərəfindən ayrılıb. Lakin 2026-cı ilin martında İttifaqın sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayanıb. Tələbə bunun sənədləri imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi ilə əlaqədar olduğunu bildirib.
Onun sözlərinə görə, sonrakı aylarda İttifaqda keçiriləcək seçkilərlə bağlı prosesin uzanması və digər hüquqi məsələlər səbəbindən vəsaitin universitetə köçürülməsi mümkün olmayıb.
Tələbə bildirib ki, Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyi də məsələyə müdaxilə edib və onun ilk semestrdə təhsildən uzaqlaşdırılmasının qarşısının alınmasına kömək göstərib. Səfirliyin müraciətindən sonra universitet ödəniş məsələsinin həlli üçün əlavə vaxt verib.
Tələbə hazırda Melburn Universitetində bir neçə film layihəsində iştirak etdiyini də qeyd edib. O, müxtəlif layihələrdə prodüser, müştərək prodüser, ikinci rejissor, səs rejissoru və quruluşçu rəssam kimi fəaliyyət göstərir.
O bildirib ki, məqsədi Azərbaycanda beynəlxalq səviyyədə təhsil almış peşəkar kino prodüserlərindən birinə çevrilmək və əldə etdiyi bilikləri ölkənin kino sənayesinə gətirməkdir.
Tələbənin sözlərinə görə, hazırda ailəsinin 25,5 min manatlıq təhsil haqqını ödəmək imkanı yoxdur:
“Mədəniyyət Nazirliyinin son iki ildə elan etdiyi Xaricdə Təhsil Proqramı çərçivəsində kino istehsalı üzrə cəmi üç nəfər təhsil alır. Tələbələrdən biri beynəlxalq istehsal, digəri prodüserlik, mən isə məhz bədii və sənədli filmlər üzrə prodüserlik ixtisasında təhsil alıram. Bu imkan mənim üçün sadəcə şəxsi uğur deyil. Mən gələcəkdə qazandığım bilikləri Azərbaycan kino sənayesinə gətirmək istəyirəm. İndiyə qədər heç kimdən cib xərclərim və ya şəxsi ehtiyaclarım üçün açıq şəkildə pul istəməmişəm. Təhsil haqqı məsələsinin həll olunacağına ümid etmişəm. Ondan çox müxtəlif özəl qurumlara məktub yazmışam. Heç birindən cavab almamışam. İndi isə universitetdən aldığım sonuncu xəbərdarlıq məni bu məsələni ictimailəşdirməyə məcbur edir. Mən sizdən cib pulu istəmirəm. Mən sizdən şəxsi həyatım üçün maddi yardım istəmirəm. Mən sadəcə bilmək istəyirəm ki, mən indi nə etməliyəm? Azərbaycan dövlətinin Azərbaycan Kinematoqrafçılar İttifaqında mənim təhsil haqqım üçün ayrılmış vəsaiti var. Amma həmin vəsait aylar keçməsinə baxmayaraq universitetə köçürülmür”.
Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) bildirilib ki, Afaq Yusiflinin təhsil haqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir:
“Problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq”.

DİGƏR XƏBƏRLƏR

Top