İlon Mask bədbəxt insandır? – Planetin ən varlı insanı haqqında yeni film


Dünyanın ən varlı insanı kimi tanınan amerikalı milyarder İlon Maskın şəxsi həyatı və psixoloji vəziyyəti ilə bağlı diqqətçəkən iddia səsləndirilib.
Yeniavaz.com
xəbər verir ki, rejissor Aleks Qibni “The Hollywood Reporter”ə açıqlamasında Maskla yaxın işləmiş bir şəxsin onun haqqında “indiyədək tanıdığım ən bədbəxt insan” ifadəsini işlətdiyini bildirib.
Qibninin bu ilin payızında təqdim olunacaq “Musk” adlı sənədli filmində 55 yaşlı milyarderin fəaliyyətinin mübahisəli tərəflərindən və onun ABŞ siyasətinə təsirindən bəhs edilir.
Rejissorun sözlərinə görə, Mask xüsusilə 2024-cü il prezident seçkiləri kampaniyası zamanı hakimiyyətə olan marağını açıq şəkildə nümayiş etdirib. O, Donald Trampın prezidentlik kampaniyasına 290 milyon dollardan çox vəsait ayırıb və ABŞ-nin seçkilərdə tərəddüd edilən ştatlarında seçicilərlə görüşlər keçirib.
Filmdə Maskın qısa müddət ərzində “DOGE” komandası kimi tanınan gənclər qrupuna rəhbərlik etməsi də araşdırılır. Qibninin sözlərinə görə, bu fəaliyyət dünyanın müxtəlif ölkələrində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının ləğvi ilə əlaqələndirilir.
Bundan başqa, Maskın on milyonlarla amerikalının məlumatlarına çıxış əldə etdiyi bildirilir. Həmin məlumatlardan konkret olaraq necə istifadə etdiyi isə məlum deyil.
Rejissor hesab edir ki, Maskın “X” sosial şəbəkəsinə nəzarəti ilə əldə etdiyi məlumatlarla bu informasiyanın birləşməsi onu ABŞ siyasətində son dərəcə güclü fiqura çevirir.
Qibninin istinad etdiyi mənbənin iddiasına görə, Mask bütün bunları daxilində hiss etdiyi boşluğu doldurmaq üçün edir. Mənbə həmçinin onun bəzi hallarda bu boşluğu ətrafındakı insanlara hücum etməklə doldurmağa çalışdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top