
ABŞ Zərbxanası Prezident Donald Trampın təsvir olunduğu 1 dollarlıq xatirə sikkələri buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat zərbxananın rəsmi saytında dərc edilib.
Pensilvaniya ştatının Filadelfiya şəhərində zərb edilmiş sikkələrin buraxılışı 2026-cı ildə Amerika müstəqilliyinin 250 illiyi ilə üst-üstə düşür.
Zərbxananın məlumatına görə, istənilən şəxs sikkələri 25 və ya 100 ədəd olmaqla əldə edə bilər.
Sikkələri zərbxananın rəsmi saytında da satın almaq mümkündür. Yüz sikkənin qiyməti 154 dollar təşkil edir.
Sikkənin üz tərəfində Trampın təsviri yerləşdirilib. Üz tərəfində həmçinin “Liberty, in god we trust” və “1776-2026” yazıları öz əksini tapıb.
Sikkənin arxa tərəfində isə prezident möhürü - zeytun budağı və oxları olan qartal təsvir edilib. Möhürdəki qalxanın üzərində ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə “250” rəqəmi yerləşdirilib. Sikkədə həmçinin “United States of America”, “One dollar” və “E Pluribus Unum” yazıları qeyd olunub.
Zərbxana qeyd edib ki, xatirə seriyasına 4 iyul ABŞ-nin Müstəqillik Günündə zərb edilmiş və müvafiq qeydləri olan 250 000 sikkə də daxildir.
Qeyd edək ki, xatirə sikkələrinin buraxılması ABŞ-də uzun müddətdir davam edən bir ənənədir. Tarixdə ən populyar sikkə 1986-cı ildə buraxılmış və təxminən 15,5 milyon nüsxə satılmış Azadlıq Heykəli sikkəsi olub. Corc Vaşinqtonun 250 illik yubileyini, 1984-cü ildə Los-Ancelesdə keçirilən Yay Olimpiya Oyunlarını və ABŞ Konstitusiyasının iki yüz illiyini qeyd edən sikkələr qısa bir vaxtda populyarlıq qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz