Zelenskinin açıqlamasından sonra “Pegasus” Moskvaya uçuşları dayandırdı


Türkiyənin ən böyük özəl aviaşirkəti “Pegasus” Rusiyaya bir sıra uçuşları dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, “Ostorojno Novosti”nin məlumatına görə, sentyabrın 2-nə keçən gecə Moskvaya uçan bir neçə “Pegasus” təyyarəsi geri qaytarılıb.
Bildirilib ki, söhbət Bodrum-Moskva, İzmir-Moskva və Antalya-Moskva reyslərindən gedir.
Bundan əlavə, aviaşirkət həmin gün İstanbuldan Moskva və Sankt-Peterburqa, eləcə də Antalya, İzmir və Dalamandan Rusiyanın müxtəlif şəhərlərinə həyata keçirilməli olan bir neçə reysi ləğv edib. Rusiyadan Türkiyəyə geri dönüş uçuşlarının da təxirə salındığı bildirilir.
“Pegasus” nümayəndələrindən biri sərnişinlərə uçuşların Türkiyə tərəfindən qadağan edildiyini deyib. Şirkətin bundan sonra uçuşların bərpa olunub-olunmayacağı ilə bağlı məlumata malik olmadığı bildirilib.
Bu hadisə Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın hava məkanının təhlükəli olması ilə bağlı açıqlamasından sonra baş verib.
Zelenski Rusiyanın hava məkanından istifadə edən aviaşirkətləri və sığorta şirkətlərini xəbərdar edərək bildirib ki, Rusiya səması faktiki olaraq bağlanacaq. Onun sözlərinə görə, Kiyev mülki təyyarələrə hücum etməyəcək, lakin Rusiyanın hava məkanında dronların sayının artması ilk növbədə Moskva, Sankt-Peterburq və digər mühüm istiqamətlərə təsir göstərəcək.
Məlumata görə, həmin gecə Moskva hava limanlarında da dron təhlükəsi səbəbindən təxminən 80 reys ləğv edilib və ya gecikdirilib. Şeremetyevo hava limanında 40, Domodedovoda 20, Vnukovoda isə 17 reysin təsirləndiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Moskva vilayəti və Krım da daxil olmaqla, ölkənin 11 regionunda 130 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top