
Tehran yəhudi dövlətinə hücum edərsə, İsrail ordusu İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Monitor” qəzeti İsrail rəhbərliyindəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, İsrail hazırda ABŞ-nin İslam Respublikası ərazisinə davam edən zərbələri fonunda İranla birbaşa qarşıdurmadan yayınmağa çalışır.
“Yəhudi dövləti status-kvonu qorumaqda maraqlıdır və vəziyyəti gərginləşdirmək niyyətində deyil. Lakin İsrail rəhbərliyi daha radikal dairələrin daxili təzyiqi altında İran hakimiyyətinin İsrailə qarşı məhdud hücumlar həyata keçirə biləcəyini istisna etmir. İsrail Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətindədir. Vəziyyətin gərginləşməsi halında İsrail ordusu ilk növbədə İranın nüvə proqramının obyektlərinə zərbələr endirəcək. Belə bir vəziyyətdə İranın enerji və nəqliyyat infrastrukturu, eləcə də dövlət qurumları İsrail üçün ikinci dərəcəli hədəflərdir”, - nəşr yazır.
Qeyd edək ki, bu gecə ABŞ ordusu İranın cənub bölgəsinə hücumlar həyata keçirib. Buna cavab olaraq İran silahlı qüvvələri İordaniya, Bəhreyn və İraqdakı ABŞ hərbi obyektlərinə zərbələr endirib.
Tətbiqimizi yükləyə bilərsiniz