
Yaponlar dünyanın ən nəzakətli, amerikalılar isə həm ən səxavətli, həm də xaricdə səyahət zamanı ən çox pul xərcləyən turistləri hesab olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Afrika safari turlarını birləşdirən “SafariBookings.com” onlayn platformasının 192 tur operatoru arasında keçirdiyi sorğunun nəticələrində bildirilib.
Sorğu zamanı tur operatorlarına turistlərin davranışı ilə bağlı beş sual verilib. Onlardan hansı ölkənin turistlərinin daha nəzakətli olduğu, ən çox çaypulu verdiyi, səyahət zamanı daha çox pul xərclədiyi, daha aktiv və macəraçı olduğu, həmçinin yerli mətbəxlə daha çox maraqlandığı soruşulub.
Sorğunun nəticələrinə görə, yapon turistlər ən nəzakətli səyahətçilər hesab olunub. Respondentlərin 21,1 faizi yaponları bu kateqoriyada birinci seçib.
Norveçli turistlər 10,6 faizlə ikinci, isveçrəlilər isə 10,4 faizlə üçüncü yerdə qərarlaşıb. Kanada və ABŞ turistləri də ən nəzakətli turistlərin ilk beşliyinə daxil olub.
İtalyan turistlər isə bu kateqoriyada sonuncu yeri tutub. Respondentlərin yalnız 1,3 faizi onları ən nəzakətli turistlər hesab edib.
Ən çox çaypulu qoyan turistlər amerikalılar olub. Onların bu kateqoriyadakı payı 29,5 faiz təşkil edib.
Alman turistlər 13,1 faizlə ikinci, kanadalılar 10 faizlə üçüncü, isveçrəlilər isə 8,6 faizlə dördüncü yerdə qərarlaşıb.
Sorğuda amerikalıların bu göstəricidə lider olması ABŞ-də xidmət sektorunda çaypulu vermək mədəniyyətinin geniş yayılması ilə əlaqələndirilir.
Turistlərin səyahət zamanı xərclədiyi vəsaitə görə də ABŞ vətəndaşları birinci yerdədir. Respondentlərin 24 faizi amerikalıları ən çox pul xərcləyən turistlər kimi qiymətləndirib. Almaniya və Kanada turistləri isə 12,8 faizlə ikinci yeri bölüşüblər.
Aktivlik və macəra axtarışına görə isə alman turistlər önə çıxıb. Sorğu iştirakçılarının 21,1 faizi almanları bu kateqoriyada birinci seçib. Fransız turistlər 17,8 faizlə ikinci, hollandlar isə 11 faizlə üçüncü yerdə qərarlaşıb.
Britaniya və Hindistan turistlərinin göstəricisi 4,5 faiz, ispan turistlərin göstəricisi isə 4,3 faiz olub.
Yerli mətbəxi kəşf etmək istəyən turistlərin reytinqində isə əsasən Asiya ölkələrinin nümayəndələri üstünlük təşkil edib.
Hindistanlı turistlər bu kateqoriyada birinci, yaponlar ikinci, çinlilər isə dördüncü yeri tutub. Üçüncü pillədə 12,4 faiz göstərici ilə fransız turistlər qərarlaşıb.
Niderland 7,7 faizlə beşinci yerdə olub. İtaliya isə 7,6 faizlə altıncı yeri tutub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz