Son bir ildə Rusiyada yüzlərlə bar fəaliyyətini dayandırıb


Rusiyanın bir milyondan çox əhalisi olan şəhərlərində son bir il ərzində yüzlərlə bar fəaliyyətini dayandırıb.
Yeniavaz.com
“Vedomosti”yə istinadən xəbər verir ki, avqust ayında bu şəhərlərdə ümumilikdə 5900 bar fəaliyyət göstərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
Ən çox barın bağlandığı şəhərlər arasında Moskva və Krasnodar ilk sıralarda yer alır. Belə ki, Moskvada barların sayı 14%, Krasnodarda isə 10% azalıb.
Barlardan əvvəl isə kafe və restoran sektorunda ciddi geriləmə qeydə alınıb. Bu ilin yanvar-fevral aylarında Rusiyada 7300 iaşə müəssisəsi bağlanıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur.
Sektor nümayəndələri restoran və kafelərdə müştəri axınının illik müqayisədə orta hesabla 10-15% azaldığını bildirirlər. Bəzi müəssisələrdə isə azalma 30-40%-ə çatıb. Ekspertlər mövcud vəziyyəti son 25 ilin ən pis dövrlərindən biri kimi qiymətləndirirlər. Onların fikrincə, əsas səbəblərdən biri əhalinin real gəlirlərinin azalmasıdır.
Hazırda Moskvada təxminən 1900 bar fəaliyyət göstərir. “Wine Retail” informasiya mərkəzinin rəhbəri Aleksandr Stavtsevin sözlərinə görə, paytaxtda yeni barlar açılsa da, bağlanan müəssisələrin sayı daha çoxdur.
2026-cı ilin ilk yarısında Moskvanın əsas mərkəzi ticarət küçələrində 92 qida və içki müəssisəsi açılıb, 118 müəssisə isə bağlanıb. Bar və pablar bütün açılışların 16%-ni, bağlananların isə 22%-ni təşkil edib.
Ekspertlər bildirirlər ki, bar biznesi eyni vaxtda bir neçə problemlə üzləşir. Bunlara alıcılıq qabiliyyətinin azalması, xərclərin və vergilərin artması, eləcə də rəqabətin güclənməsi daxildir.

DİGƏR XƏBƏRLƏR

Top