
Xəbər verdiyimiz kimi, “Sabah” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
İdman jurnalisti Rəşad Ergün təmsilçimizin ÇL-dəki püşkü ilə bağlı fikirlərini Yeniavaz.com-la bölüşüb.
O bildirib ki, “Sabah” üçün bəzi komandalarla mübarizə çətin görünsə də, liqa mərhələsini xalsız başa vurmaq mümkün deyil:
“Arsenal”, “Barselona”, “Mançester Yunayted”, “Napoli”, Dortmund “Borussiya”sı kimi komandalarla görüşlərdə xal və ya xallar almaq mümkünsüzdür. Lakin Çexiyanın “Slaviya”sını Bakıda məğlub etmək olar. Ya da Norveçdə “Vikinq”dən, İspaniyada “Vilyarreal”dan xal qoparmaq mümkündür”.

Rəşad Ergün
O, həmçinin iki cəbhədə – Çempionlar Liqası və Azərbaycan Premyer Liqasında çıxış etməyin asan olmadığını qeyd edib:
“Bunu ötən mövsüm “Qarabağ” nümunəsində də gördük. Ağdam komandası Çempionlar Liqasındakı uğurlu çıxışına baxmayaraq, ölkə çempionatında çempionluq titulunu əldən verdi. Baş məşqçinin üzərinə böyük məsuliyyət düşür. Həm komandadakı yorğunluq, həm də futbolçuları Çempionlar Liqası kimi prestijli turnirin oyunundan sonra Azərbaycan Premyer Liqasının matçlarına kökləmək baş məşqçinin işidir”.
Rəşad Ergün, ümumilikdə, komandanın bu yüksəlişini prestij və maddiyyat baxımından təqdirəlayiq qiymətləndirib:
“Çempionlar Liqası bütün dünyanın izlədiyi turnirdir. “Sabah” indi bütün dünyanın gözü qarşısında oynayacaq və tanınacaq. Milli komandalarının nəticələri bərbad olan Azərbaycan futbolu isə “Sabah”ın Çempionlar Liqasında iştirakından həm reytinq, həm də prestij baxımından faydalanacaq”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək. Komandanın növbəti qarşılaşmaları oktyabrın 13-də Bakıda “Slaviya Praqa”, oktyabrın 20-də Bakıda “Borussiya Dortmund”, noyabrın 4-də səfərdə “Vikinq”, noyabrın 25-də Bakıda “Barselona”, dekabrın 8-də səfərdə “Vilyarreal”, 2027-ci il yanvarın 20-də Bakıda “Napoli” və yanvarın 27-də səfərdə “Arsenal”a qarşı olacaq.
Zöhrə İsazadə
Tətbiqimizi yükləyə bilərsiniz