Gələn ildən “YouTube”dan pul qazanmaq çətinləşəcək – Yeni qaydalar


Dünyanın ən populyar video platformalarından biri olan “YouTube” kontent yaradıcılarının gəlir əldə etməsi ilə bağlı qaydaları sərtləşdirir.
Yeniavaz.com
xəbər verir ki, 1 fevral 2027-ci il tarixindən etibarən reklam və “YouTube Premium” gəlirlərindən pay almaq istəyən yeni yaradıcılar daha yüksək tələbləri yerinə yetirməli olacaqlar.
Yeni qaydalara əsasən, monetizasiya üçün yaradıcıların son 365 gün ərzində 8 min saat izlənmə müddəti toplaması və ya son 90 gün ərzində “Shorts” videolarında 20 milyon baxış əldə etməsi tələb olunacaq.
Bundan əlavə, yaradıcılar monetizasiya hüququnu qorumaq üçün müəyyən edilmiş hədləri davamlı şəkildə təmin etməli olacaqlar. Tələblər yerinə yetirilmədiyi halda monetizasiyanın dayandırılması nəzərdə tutulur.
Yeni şərtlər yalnız 1 fevral 2027-ci ildən sonra qeydiyyatdan keçən yeni hesablara şamil ediləcək. “YouTube”un tərəfdaşlıq proqramında artıq iştirak edən kontent yaradıcıları isə əvvəlki tələblərlə fəaliyyətlərini davam etdirəcəklər.
Məlumat üçün bildirək ki, “YouTube”un Tərəfdaş Proqramında 3 milyondan çox istifadəçi iştirak edir. Platformada “Shorts” videolarının gündəlik baxış sayı 200 milyarddan çoxdur. Televizorlarda “YouTube”a baxış müddəti isə gündə 1 milyard saatdan çox təşkil edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top